Azərbaycanda otellər yeni qaydalarla işləyəcək (VİDEO)
Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq. Yenicə təsdiq edilən ''Turizm haqqında'' qanuna əsasən bu kimi neqativ halların qarşısı alınacaq. Qanunda bir sıra öhdəliklər müəyyən edilib. Həmin qaydaları pozanları isə cəzalar gözləyir.
Qaynarinfo xəbər verir ki, ölkə başçısı tərəfindən təsdiqlənən ''Turizm Haqqında'' yeni qanun layihəsi bu sahədəki neqativ halları aradan qaldıracaq. Artıq ölkəyə gələn və xaricə göndərilən turistləri əvvəlki kimi rahatlıqla aldatmaq mümkün olmayacaq.
Turizim üzrə ekspert Rəhman Quliyev "Xəzər Xəbər"ə deyib ki, qanunun əsas predmetlərindən biri turistlərin təhlükəsizliyinin təmin edilməsidir.
Bu məqsədlə yeni sənəddə turoperatorlar və turagentlər qarşısında konkret öhdəliklər müəyyən edilib. Artıq səyyahət zamanı turistlərə təxirəsalınmaz təcili yardım göstərilməsi öhdəlik kimi qoyulub.
Dövlət Turizm Agentliyi tərəfindən hazırlanan qanun ölkənin turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və turist məmnunluğunun artmasını təmin edəcək. Həmçinin vahid reysterin yaradılması birbaşa turistlərin aldadılmasını minimuma endirəcək.
Ekspert Rəhman Quliyev əlavə edib ki, yeni qanun turistlərdə azərbaycana qarşı inam formalaşdıracaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə turizm haqqında qanunvericiliyin pozulması ilə bağlı yeni maddə də əlavə olunub. Yeni maddə bu sahədəki neqativ hallarla bağlı inzibati məsuliyyəti müəyyən edir.