azia.az
azia.az

Ermənistan yenə də oyundankənar vəziyyətdə — ŞƏRH

26-12-2021, 09:44


Fars körfəzi ilə Qara dəniz arasında formalaşdırılan yeni nəqliyyat dəhlizi İran, Azərbaycan, Gürcüstan üzərindən reallaşdırılacaq. Əvvəllər isə bu layihənin İran, Ermənistan və Gürcüstan üzərindən həyata keçirilməsi planlaşdırılırdı.
Ermənistan yenə də oyundankənar vəziyyətdə — ŞƏRH
Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqaz bölgəsində həyata keçirilən layihələr hər zaman diqqət mərkəzində olub.Ölkəmiz şərqlə qərbi birləşdirən kommunikasiyaların kəsişməsindəki mövqeyindən uğurla istifadə edir. Uzun müddətdir müzakirə edilən Şimal-Cənub nəqliyyat dəhlizi belə layihələrdəndir. Artıq Azərbaycanın adı bu layihədə əksini tapıb. Belə ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün Tvitter səhifəsində yazıb ki, İran, Azərbaycan, Gürcüstan, Qara dəniz və Avropa yeni dəhlizi aktivləşəcək. Onun sözlərinə görə, bu dəhliz Pakistan, İran, Türkiyə arasında və Şimal-Cənub Dəhlizinin (Finlandiya, Rusiya, Azərbaycan, İran, Fars körfəzi və Hindistan) sınaq şəklində istifadəyə verilməsindən sonra aktivləşəcək.

Xatırladaq ki, İran, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Fars körfəzi – Qara dəniz marşrutunun yaradılması gündəmdədir.

Bu marşrut çərçivəsində İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən üç ölkənin 144 yük maşını ilə yükdaşıma başlanacaq.

Əvvəllər isə bu layihənin İran, Ermənistan və Gürcüstan üzərindən reallaşdırılması planlaşdırılırdı. Lakin indi Ermənistan prosesdən kənarda saxlanılmaqla layihə İran, Azərbaycan, Gürcüstan üzərindən reallaşdırılır. Beləliklə, Ermənistan yenə də oyundankənar vəziyyətə salınır.

Demokrat.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramlı və onun həmkarı Demokratik İslahatlar Partiyasının sədri, Asim Mollazadə “Kaspi” qəzetinə açıqlamasında Cənubi Qafqaz bölgəsində həyata keçirilən nəhəng layihələrə dair fikirlərini bolüşüblər.
“Regionun potensialı kifayət qədər böyükdür”

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramlıbildirdi ki, regionun beynəlxalq yükdaşımalar baxımından potensialı kifayət qədər böyükdür:

“Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və İran Şimal-Cənub nəqliyyat dəhlizində iştirak edən dövlətlərdir. Azərbaycan və Gürcüstan arasında nəqliyyat sahəsində fərqli istiqamətdə əməkdaşlıqlar var. Eləcə də Bakı-Tbilisi-Qars dəmiryolu xəttini də qeyd etmək olar.

O cümlədən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi istiqamətində də əməkdaşlıq müşahidə olunur. Üç ölkəni birləşdirən yeni nəqliyyat dəhlizinin istiqamətinin formalaşması da ondan xəbər verir ki, region mövcud beynəlxalq yükdaşımaları üzrə potensiallardan daha fəal şəkildə istifadə etmək niyyətindədir”.

“Gürcüstan, İran və Azərbaycanın əməkdaşlığı…”

Deputatın sözlərinə görə, Fars körfəzi ilə Qara dəniz arasında yeni nəqliyyat əlaqələrinin formalaşması region üzərindən daşınan beynəlxalq yüklərin həcminə birbaşa təsir göstərəcək:

“Onu vurğulayım ki, Gürcüstan hələlik 3+3 sülh platformasında iştirakını təsdiq etməyib. Rəsmi məlumatlarda da Gürcüstan belə əməkdaşlıqda maraqlı olmadığını bildirir.

Amma bununla belə, Gürcüstan regionda digər formatda əməkdaşlığa maraqlı olan ölkədir. Azərbaycanla Gürcüstan arasında belə əməkdaşlıq formatı uzun müddətdir var.

Sözsüz ki, Gürcüstan, İran və Azərbaycanın nəqliyyat sahəsində əməkdaşlığı altılıq platformasına alternativ kimi qiymətləndirilməməlidir. Bu, sadəcə, regionda həyata keçirilən və əvvəlki dövrlərdə də müşahidə edilən əməkdaşlıq nümunələrindən biridir”.

V.Bayramlı vurğuladı ki, layihənin hələlik xüsusi platforma çərçivəsində reallaşdırılıb-reallaşdırılmayacağı bəlli deyil:

“Çünki burada üç dövlət əməkdaşlıq edir. Ümumiyyətlə, Gürcüstanın mövqeyi ondan ibarətdir ki, region ölkələri ilə əməkdaşlığı davam etdirəcəyik, ancaq hələlik təklif edilən "altılıq” platformasına müsbət yanaşmırıq.

Ona görə də bu istiqamətdə müzakirələr üçtərəfli şəkildə aparılır. Öncədən məlumat verilmişdi və bununla bağlı müzakirələr gedirdi”.

Zəngəzur dəhlizi açılandan sonra...

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirdi ki, Şimal-Cənub dəhlizində heç bir dəyişiklik göstərilmir:

“Dəhliz İran-Azərbaycan-Gürcüstan vasitəsilə istifadəyə veriləcək. Ermənistan Zəngəzur dəhlizi açılmadığına görə Şimal-Cənub nəqliyyat dəhlizində iştirak edə bilmir. Bütün kommunikasiyalar, o cümlədən Zəngəzur dəhlizi açılandan sonra nəqliyyat dəhlizinə daxil olan digər ölkələr də bu layihədən yararlanacaq”.

İranın Ermənistana məhəbbəti azalıb

Əvvəllər Azərbaycan əvəzinə Ermənistanın bu layihədə yer alması, lakin sonradan durumun dəyişməsi məsələsinə münasibət bildirən A.Mollazadə vurğuladı ki, əvvəllər İranın niyyəti belə olub: “Lakin ola bilsin, indi İranın Ermənistana məhəbbəti azalıb.

Bütövlükdə onu qeyd etmək lazımdır ki, Azərbaycan məhz 44 günlük Vətən müharibəsindən sonra bölgədə əməkdaşlıq, sülh və sabitlik mühiti yaratmaq istəyir.

Ona görə də Azərbaycan üçün hər şeydən əvvəl sülhün, sabitliyin, o cümlədən təhlükəsizliyin olması ən vacib məqamlardandır. Çünki sabitlik və təhlükəsizlik olmadan bölgədə yeni layihələrin həyata keçirilməsi mümkün olmayacaq. Azərbaycan hazırda da bu istiqamətdə fəaliyyətini davam etdirir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi