DVX-nin əməkdaşı Beynəlxalq Foruma ekspert seçilib
Nazirlikdən Azia.Az-a daxil olan məlumatda bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin Maliyyə institutlarında vergi monitorinq şöbəsinin rəisi Səfərəli Cavadov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi Məlumatlarının Şəffaflığı və Mübadiləsi üzrə Qlobal Forumunun tərkibində fəaliyyət göstərən Avtomatik Məlumat Mübadiləsi (AEOİ) Qiymətləndirmə Qrupuna üzv seçilib.
Qeyd edək ki, Qiymətləndirmə Qrupuna üzv seçilən ekspertlər uzun müddət ekspert qiymətləndirməsi proseslərində aktiv iştirak edən şəxslərdir və digər üzv ölkələrin vergi qanunvericiliyini mükəmməl bilmələri ilə xarakterizə olunurlar. Qrupun əsas vəzifə isə digər ölkələrin bu istiqamətdə qiymətləndirilməsinin aparılmasıdır.
Qlobal Forumun 2018-ci ildə keçirilən plenar iclasında razılaşdırıldığı kimi, 2020-ci il ərzində hər bir ölkə üzrə qanunvericiliyin hüquqi bazasının təcrübədə tətbiqinin səmərəliliyinə dair reytinqlər verilməsi və bununla bağlı qərarlar qəbul olunması nəzərdə tutulurdu. Lakin koronavirus pandemiyası ilə əlaqədar 2021-ci il üçün planlaşdırılmış bu prosesin 2022-ci ilədək təxirə salınması istisna edilmir.
Qeyd edək ki, Azərbaycan belə bir mötəbər tədbirdə ilk dəfədir ki, ekspert tərəfindən təmsil olunur. OECD-nin Vergi Məlumatlarının Şəffaflığı və Mübadiləsi üzrə Beynəlxalq Forumunun tərkibində fəaliyyət göstərən Avtomatik Məlumat Mübadiləsi Qiymətləndirmə Qrupuna üzvlük qurum tərəfindən Azərbaycanlı mütəxəssislərə verilən yüksək qiyməti əks etdirir və ölkənin nüfuzuna xidmət edir. Bununla yanaşı, bu üzvlük inkişaf etmiş ölkələrin təcrübəsindən faydalanmaq və təcrübə və məlumat mübadiləsi baxımından da mühüm əhəmiyyətə malikdir və vergi orqanlarının nüfuzunun daha da artırılması üçün də əlavə imkanlar yaradacaq.
161 ölkədən ibarət üzvü olan “Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum” hazırda vergitutma ilə bağlı məsələlərdə ixtisaslaşmış ən böyük qurum hesab edilir.
Səfərəli Cavadov Polşadakı Varşava İqtisadiyyat Universitetinin (Warsaw School of Economics) İqtisadiyyat və İdarəetmə ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsinə namizəddir. O, 10 ildən çoxdur ki, Azərbaycanın vergi inzibatçılığı sahəsində iş təcrübəsinə malikdir və hazırda DVX-nin Maliyyə İnstitutlarında Vergi Monitorinqi şöbəsinə rəhbərlik edir. Vergi sistemindəki karyerası boyunca o, vergi bəyannamələri, vergi borclarının alınması, vergi auditi və s. kimi müxtəlif sahələrdə çalışıb. S.Cavadov Azərbaycanın ABŞ üzrə FATCA (Foreign Account Tax Compliance Act) və digər ölkələr üzrə isə maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi istiqamətində olan əməkdaşlıq məsələlərində yaxından iştirak edir.