Sahil Babayevin kadrı haqda ŞOK İDDİA - Gədəbəy DSMF-nın müdiri və yaxınları qoçuluq edir
Azia.az Anews.az-a istinadla bildirir ki, DSMF-nın Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev saxta sənədlərlə vətənaşların evlərini ələ keçirir, - bunu Gədəbəy rayon Saratovka kənd sakini Yazgül Əmiraslanova öz şikayətində bildirib.
Əmiraslanova deyir ki, Saratovka kəndində yaşayan bir rusdan ev və həyətyanı torpaq sahəsi alıb. Həmin evdə himayəsində olan yaşlı anası, epilepsiya xəstəsi olan uşaqı ilə yaşayır. Ailənin ehtiyaclı olmasına baxmayaraq həm vəzifə, həm də pul baxımından geniş imkanı olan ata-oğul Xudaverdiyevlər onun torpağını əlindən almaq istəyir. "Bunlar mənə qədər bir neçə rusun evini və torpağını müxtəlif yollarla ələ keçiriblər. İndi də mənim torpaq sahəmə öz adlarına saxta sənədlər çıxarmaqla sahiblənmək istəyirlər. Lakin həmin torpaq sahəsinə dair mənim hər cür sənədlərim var”, - Əmiraslanova vurğulayır.
Xanımın sözlərinə görə, vətəndaşların evlərini Xudaverdiyevlər saxta sənədlər düzəltmək yolu ilə ələ keçirir. " Elsun Xudaverdiyev Saratovka kəndində əvvəl icra nümayəndəsi işləyib və o zamanlar düzəltdikləri saxta sənədlərə əsasən iddia edirlər ki, guya 1996-ci ildə Torpaq İslahat Komissiyası Gədəbəydə torpaq bölgüsü aparan zaman həmin ərazini onlara verib. Halbuki, həmin ailə 2002-ci ilə kimi Gəncə şəhərində yaşayıb və orda qeydiyyatda olublar. "Bu məsələ ilə bağlı evlərinə getmişəm. Atası Cahangir Xudaverdiyevdən xahiş edirəm ki, mənim torpaq sahəmdən əl çəksinlər. Əks təqdirdə prezidentə müraciət edəcəm. Cahangir Xudaverdiyev o qədər özünə arxayındır ki, hətta mənimlə söhbətdə prezidenti təhqir edir, məni isə hədələdi”, - deyə xanım əlavə edir.
Məsələ ilə bağlı DSMF-nın Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev ilə əlaqə saxladıq. O, deyilənləri təkzib etdi. Atasının prezidenti təhqir etməsini inkar etdi və kənddə xeyriyyə ilə məşğul olduğunu söylədi.