Adı torpaq qalmaqalında hallanan keçmiş rəis icra başçısının müavini oldu
Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayonu şöbəsinin rəisi vəzifəsində işləmiş Allahverdi Xudaverdiyev nəhayət ki, istəyinə nail olub. Veteninfo.az xəbər verir ki, "olaylar"-a daxil olan məlumata görə, sözügedən qurumda rəis vəzifəsində çalışarkən çoxsaylı qanun pozuntularına yol verən Allahverdi Xudaverdiyev indi də Rayon İcra Hakimiyyəti başçısının müavini postuna sahib çıxıb. Hələ ötən saylarımızda məlumat vermişdik ki, Allahverdi Xudaverdiyev ciddi cəhdlə Quba Rayon İcra Hakimiyətinin başçısının müavini olmağa çalışır.
Məlumat üçün qeyd edək ki, Allahverdi Xudaverdiyev Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin rəisi vəzifəsində çalışarkən saxta yolla yüzlərlə Dövlət Aktı kadastr planı verməsi ilə ad çıxarıb. Sözügedən şəxsin qeyri-qanuni əməllərindən rayonda yüzlərlə sakin ziyan çəkib.
Belə ki, vətəndaşlar Dövlət Aktları kadastrı planlarını Əmlak Məsələləri üzrə Dövlət Komitəsində qeydiyyata daxil etmək istədikdə, onlara verilən həmin sənədlərin əslinin olmadığı aşkarlanıb. Bu saxtakarlığı ört-basdır etmək üçünsə Allahverdi Xudaverdiyev özünə suç ortağı taparaq Quba rayon Notariat Arxivinin yandırılmasına nail olub.