Qəzetimizin ötən saylarında Lerik rayonunun Zərinqala kənd sakini, 86 yaşlı əmək veteranı Babaəli Ağayevin şikayəti əsasında “İcra başçısı məni halal mülkümdə yaşamağa qoymur” başlıqlı yazı dərc edilmişdi. Şikayətçi yazıda torpaq sahəsini və evini Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırova satmadığı üçün sıxışdırıldığını, ona qarşı haqsızlıq edildiyini, icra başçısının birinci müavini Cəlil Baxşiyevin adamları tərəfindən əkin sahələrinin məhv edildiyini bildirmişdi. Şikayətçi iddia edir ki, bunun səbəbi icra başçısının ona məxsus torpağı ələ keçirmək istəyidir.
Şikayətçi Babaəli Ağayev yenidən redaksiyamıza müraciət edərək yazıdan sonra ona qarşı haqsızlıqların daha da artdığını bildirib: “Qəzetdə gedən yazı sanki qığılcımı alova çevirdi. Bizə qarşı yeni hücumlar, təxribatlar, əmlakımızın qarət edilməsi və s. fəsadlar başlandı. Biz 6 hektar torpaq götürmüşük və 6 nəfərik. 6 nəfərə də dövlət aktı ilə 6 hektara yaxın torpaq verilib. Lerik rayon Xalq Deputatları Soveti rəyasət heyətınin 25 may 1992-ci il tarixli qərarı ilə Zərinqala kəndinin bərpasına, onun 5 sakininə ev tikmək, təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılır. Qərarda göstərilir ki, kəndin digər sakinləri də istənilən vaxt geri qayıtsalar, onlara torpaq sahəsi verilməlidir. Mən əmək təqaüdünə çaxandan sonra 1993-cü ildə özümə ev tikmişəm, digər kənd sakinləri də özlərinə ev tikməkdə davam edir və torpaqlarını əkib-becərirlər. Mənim evimin çıxarışı var. Ancaq icra başçısı mənim torpağıma göz dikib ki, evimi sökdürüb orada özü ev tikdirsin. Əvvəlcə torpağımı pulla satmağı mənə təklif etdi, mən rədd etdikdə isə qanunsuz yollara əl atmağa başladı. Bütün bunlar azmış kimi, yazı çıxdıqdan sonra icra başçısı qonşu Divaqac kəndinin digər sakini Eynulla Nuriyevi üstümüzə qaldırıb. Guya onların da torpağı mənim tikdirdiyim evin yerinə düşür və mən evimi sökməliyəm. Ancaq bir sadə suala cavab verə bilmirlər ki, ev tikilib 1992-ci ildə, çıxarışı və sənədləri var. Ötən 25 ildə siz harada idiniz? Bundan başqa, Divaqac kəndində 3 dəfədən artıq torpaq sahəsini zəbt etdiyiniz halda bizə olan iddian doğrudurmu? Nuriyev Eynulla mənə açıq-aydın bildirir ki, icra hakimiyyəti məni məcbur edir ki, sizdən əl çəkməyim. Əslində bütün bunları Lerik rayon icra başçısı edir ki, özünə orada böyük bir ev tiksin. Çünki biz Zərinqala kəndini xarabalıqdan gözəl və səfalı bir məkana çevirmişik. Bir dəfə torpağımızı ekspertiza etdilər və ekspertiza bizim xeyrimizə qərar verdi ki, onların bu torpaqda haqqı yoxdur. İcra başçısının təkidi ilə 2016-cı ilin may ayında təkrar ekspertiza aparıldı. Aparılan ekspertizada göstərilir ki, qonşu Divaqac kəndinin sakini Ramiz Xanəhmədova məxsus 29 sot torpaq mənim torpağımın üstünə düşür. Lakin bu ekspertiza aktına məhkəmə eksperti X. İsgəndərovun adı, soyadı yazılsa da o buna imza atmayıb. Beləliklə, Lerik məhkəməsinin hakimi F.Əliyev belə saxta rəyə əsasən qərar qəbul edərək torpağımızı R. Xanəhmədova aid edir. Lənkəran Kadastr İdarəsinin rəisindən belə bir ziddiyyətli, həm də heç bir həqiqəti əks etdirməyən vəziyyəti soruşduqda o, ”bizim kompüterimiz belə göstərir" cavabını verir. Mən tələb edirəm ki, təkrar ekspertiza keçirilsin və haqq-ədalət yerini tapsın".
Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyəti ilə dəfələrlə telefon əlaqəsi yaratmağa çalışsaq da, zəngimizə cavabverən olmadı. İttihamlarda adı hallanan qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. \\musavat.com\\