azia.az
azia.az

"Elmar Qasımov hələ son sözünü deməyib" - Rəşad Rəsullu

5-05-2022, 17:05

"Elmar Qasımov hələ son sözünü deməyib" - Rəşad Rəsullu
"Məşqçilər heyətinin işi artıq görülməkdədir. İnanırıq ki, bu komanda gələcəkdə daha yüksək nəticələrə imza atacaq".

Bunu Fanat.Az-a açıqlamasında Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatının yekunları barədə danışarkən Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu deyib.

Qurum rəsmisi qitə çempionatında əldə olunan 1 qızıl, 2 bürünc medalın yaxşı nəticə olduğunu bildirib:

"Hidayətlə Rüstəmin yollarının finaladək istənilən halda kəsişəcəyini nəzərə alsaq, biz 73 kiloqram çəki dərəcəsində maksimum nəticə göstərdik. 90 kiloqramda bürünc medalçı Məmmədəli Mehdiyevdən daha yaxşı nəticə - qızıl mükafat gözləyirdik. Onun özü də yarışa sadəcə çempionluq üçün yollandığını bildirmişdi. Lakin elə alındı ki, "bürünc"lə kifayətlənəsi oldu. Daha üç cüdoçumuz isə 5-ci yeri tutdu. Başqa sözlə, kişilərdən ibarət yığmanın 9 üzvündən 6-sı medallar uğrunda mübarizə apardı. 60 kq və 66 kq çəkilərdəki cüdoçularımız böyüklər arasında Avropa çempionatına ilk dəfə qatımaqlarına baxmayaraq kifayət qədər yüksək səviyyəli döyüş nümayiş etdirdilər. Aparıcı idmançıların yoxluğunda heyətə cəlb olunan bu gənc cüdoçuların döyüşü gələcəyə ümidlə baxmağa əsas verdi. Bildiyiniz kimi, dünya və Avropa mükafatçıları Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq) və Zelim Kotsoyev (100 kq) zədə səbəbindən yarışda iştirak etmirdilər. Bütün bunları nəzərə alsaq, Avropa çempionatından yaxşı nəticə ilə qayıtdığımızı deyə bilərik. Əsas odur ki, məşqçilər heyətinin işi artıq görülməkdədir. İnanırıq ki, bu komanda gələcəkdə daha yüksək nəticələrə imza atacaq".


"Elmar Qasımov hələ son sözünü deməyib" - Rəşad Rəsullu
Rəsullu millinin 100 kiloqram çəki dərəcəsindəki üzvü, Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının mükafatçısı Elmar Qasımovun da çıxışına toxunub. Baş katib Tokio-2020 Olimpiadasından öncə sosial şəbəkələrdəki qalmaqallı paylaşımları ilə gündəmə gələn, bu səbəbdən ACF-nin əvvəlki rəhbərliyinin yığmadan uzaqlaşdırdığı 31 yaşlı titullu idmançının hələ son sözünü demədiyini vurğulayıb:

"Elmar dekabrdan mütəmadi olaraq məşqlərə qatılır. Nizam-intizamı tam yerindədir. Sofiyada mükafata layiq yer tutmasa da, döyüşü, mübarizə əzmi ilə yaxşı təsir bağışladı. Elmar Qasımov elə bir idmançıdır ki, istənilən Olimpiya, dünya çempionuna qalib gələ bilər. Düşünürük ki, o, hələ son sözünü deməyib. Ümumiyyətlə, Elmar kimi təcrübəli idmançının yığmada olması 90-dan tutmuş 100-dən ağır çəkiyədək bütün cüdoçular üçün üstünlükdür. Həmçinin digər çəkilərdəki gənc idmançılar onun praktikasından yararlanırlar".

Qeyd edək ki, Avropa çempionatında Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi