Sərxoş olub xalası oğlunu öldürən şəxsə 17 İL 6 AY həbs
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu qətlə yetirməkdə təqsirli bilinən Şamaxı rayon sakini, 1985-ci il təvəllüdlü Şahlar Mürşüdovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Ş. Mürşüdov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, təqsirləndirilən şəxs məhkəmədə sərbəst ifadəsində peşmanlığını ifadə edib, xalası oğlunu qətlə yetirdiyi an sərxoş olduğunu deyib: “Hadisədən bir gün qabaq atamın ölümünün il mərasimi idi. Şamaxıya getmişdik. Yası yola verdik. Xalamın oğlanları orda idi. Səhər açıldı. Ailəmlə Bakıya gələsi idim. Xalam oğlu Yalçın dedi ki, qal, axşam tərəfi bir gedərik. Razılaşdım. Araq aldıq. Yeyib-içdik. Sonra evin zirzəmisində domino oynamağa başladıq. Səs-küy düşmüşdü. Qardaşımın həyat yoldaşı Elmira gəldi ki, dominonu bir az sakit oynayın. Bu, mənə xoş gəlmədi. Əsəbləşdim. Anama dedim, bu gəlini necə qudurtmusan ki, atamın evində mənə sakit olmağı deyir. Anamı söydüm. Xalamoğlu İlkin mənə kəllə ilə zərbə vurdu. Ağzımdan və burnumdan qan açıldı. Qanı görən kimi özümdən çıxdım. Mətbəxə girdim. Yalçın gəlib əl-ayağımı tutdu. Əlimdəki bıçağı 3 metrdən İlkinə atdım. Bıçaq İlkinə dəydi. Taksiyə mindim. Ailəmlə Bakıya qayıdırdım. Yolda telefonuma zəng gəldi. Polis idi. Dedim ki, arvad-uşağı evə qoyub qayıdıram. Müşfiq postunda məni tutdular. Peşmanam. Gərək belə olmazdı. Doğmaca xalamoğlunu öldürdüm”.
Qeyd edək ki, qətl hadisəsi bu il avqust ayının 10-da Şamaxı şəhərində baş verib. Rayon sakini Şahlar Mürşüdov evində münaqişə zəminində Ağsu rayon sakini, qohumu İlkin Novruzova bıçaqla xəsarət yetirərək, “Mercedes” markalı avtomobildə hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən İ.Novruzov orada ölüb.
Ş.Mürşüdov Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisindəki stasionar postunda saxlanılıb və Rayon Polis Şöbəsinə təhvil verilib.
O, Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur.