"İdeal”ın keçmiş sahibinin apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb
"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun barəsində olan hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Azia.az "Report"a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri - İlhamə Həsənova, Şaiq Mirzəyev və Bəxtiyar Hacıyev bir neçə vəsatətlə çıxış ediblər.
Müdafiə tərəfi İ.İsmayılovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunmasını istəyib.
Bundan əlavə, müdafiə tərəfi birinci instansiya məhkəməsində qaldırılmış, lakin məhkəmə tərəfindən rədd edilmiş vəsatətləri yenidən ilkin apellyasiya baxışında qaldırıb.
Lakin məhkəmə vəkillərə izah edib ki, apellyasiya şikayətlərinin dəlilləri dinlənildikdən sonra bu vəsatətləri yenidən qaldıra bilərlər.
Daha sonra məhkəmə iclasında İ.İsmayılov çıxış edib. O, məhkəmədən ədalət gözlədiyini deyib.
Məhkəmənin növbəti iclası aprelin 19-na təyin edilib.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
İstintaq dövründə ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.İsmayılov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ.İsmayılov apellyasiya şikayəti verib.