azia.az
azia.az

“Lənkəranski”nin qətli ilə bağlı müəmmalı həbslər

26-08-2016, 09:42

“Lənkəranski”nin qətli ilə bağlı müəmmalı həbslərMəşhur “qanuni oğru” öldürülən gün onun olduğu avtomobilin sürücüsü saxlanılıb, şübhələr...
Türkiyə mediasında “yeraltı dünya”nın əfsanəsi Rövşən Canıyevin (“Lənkəranski”nin) qətli ilə bağlı “Yeni Müsavat”ın bir neçə gün əvvəl yazdığı məlumatları təsdiqləyən xəbərlər yayılıb.

“Rövşən Lənkəranski”nin qətlindən sonra İstanbul Əmniyətinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi və Asayiş Şöbə Müdirliyi hadisə ilə bağlı araşdırma aparır. Bu araşdırmalar çərçivəsində “Rövşən Lənkəranski” öldürülən gün onun olduğu avtomobilin sürücüsü Tahir C. saxlanılıb. Tahir C. “Rövşən Lənkəranski” otelin qarşısında qətlə yetirilməzdən əvvəl onunla görüşüb.

Həmin toplantıda azərbaycanlılar - Hacıbaba T. ilə A.N. və Z.İ. də şahid olaraq dindirilmək üçün polis bölməsinə aparılıblar və saxlanılıblar. Türkiyə mediasında adı Hacıbaba T. kimi qeyd edilən şəxs “Rövşən Lənkəranski”nin yaxın ətrafına daxil olan “Hacı Beyləqanski” kimi tanınan Hacıbaba Tahir oğlu Talıbxanlıdır. Z.İ isə “Zaur Sumqayıtski” kimi tanınan 30 yaşlı Zaur İsayevdir. A.N kimi təqdim edilən şəxsin çox güman ki, “Vahid Bakinski”dir. Mümkündür ki, həbs edilən zaman onun üzərində A.N-nə məxsus saxta sənədlər olub və hüquq-mühafizə orqanlarındakı mənbə mətbuata onun saxta sənədlərdəki adının və soyadının ilk hərflərini deyib. “Vahid Bakinski”nin adı mətbuatda nadir hallarda hallandığından barəsində məlumat demək olar ki, yoxdur. Saxlanılan “Zaur Sumqayıtski”nin də adı daha əvvəl adı mediada hallanmayıb və ona görə də o, çox məşhur deyil.

Olayla əlaqədar şahid qismində saxlanılanlardan Hacıbaba Talıbxanlının polis tərəfindən axtarışda olduğu da bildirilir. Türkiyə mətbuatında Hacıbaba Talıbxanlının 18 avqust 2013-cü ildə iş adamı Əli Həmidovun qətlində şübhəli şəxs olması haqda da xəbərlər var.

Məlumat üçün qeyd edək ki, Ə.Həmidov Türkiyə mətbuatında iş adamı kimi təqdim edilsə də, əslində isə o iş adamı olmayıb. Azərbaycanda “Qoca” ləqəbli kriminal avtoritet kimi tanınıb. “Qoca”nın öldürülməsində “Rövşən Lənkəranski”nin də adı keçib. Hazırda Türkiyə polisi Ə.Həmidovun qətli anı düşən təhlükəsizlik kameralarından çıxarışları da yenidən araşdırmağa başlayıb.

Hacıbaba Talıbxanlı ilə bağlı Rusiya hüquq-mühafizə orqanları rəsmiləri ilə əlaqə saxlanılıb. H.Talıbxanlının Rusiyada 5 ayrı cinayətdə əsas fiqurantlardan biri kimi adının keçdiyi müəyyən olunub. Qeyd edilir ki, Türkiyə polisi Rövşən Lənkəranskinin qətlində rus mafiyasını əsas şübhəli olaraq görür. Şübhəlilər arasında Laşi Ş., Yuriy P., Vasiliy H. və Nadir S. adlı mafya üzvlərinin adı çəkilir.

“Yeni Müsavat” Türkiyə mediasında yayılan və Rusiya mediasına sızan bu məlumatları 24 avqust tarixli sayında “Rövşən Lənkəranskinin ölümünün yeni təfərrüatları”(http://musavat.com/news/kriminal/rovshen-lenkeranskinin-olumunun-yeni-teferruatlari_372743.html ttp://musavat.com/news/kriminal/rovshen-lenkeranskinin-olumunun-yeni-teferruatlari_372743.html) sərlövhəsi altında dərc edib. Həmin yazıda iş üzrə əsas şübhəlilərdən biri kimi Tahir adlı sürücünün saxlandığı qeyd olunub.

Sitat: “Rövşən Lənkəranski"nin öldürülməsi planı olsa da, tezliklə icra edilməsi nəzərdə tutulmurmuş. Qaynağımız onun Türkiyədə özünü rahat hiss edib sayıqlığını itirməsi haqda söylənilənlərin doğru olmadığını bildirib. Onun sözlərinə görə, “Rövşən Lənkəranski” qətlindən əvvəl “Mersedes - S class” markalı zirehli maşın sifariş edib. Həmin maşın ona avqustun 19-da çatdırılmalı imiş. Avqustun 18-də öldürülməsinin bu məlumatın onun opponentlərinə çatdırılmasını düşünmək üçün əsaslar yaradır. Belə məlumat var ki, “Rövşən Lənkəranski”nin zirehli maşın alacağı haqda məlumatı əks cinaha - onun düşmənlərinə Tahir adlı sürücüsü ötürüb. Qətl buna görə ertələnib. “Rövşən Lənkəranski”ni zirehli maşında öldürmək ehtimalının azlığı onun düşmənlərini təcili hərəkətə keçirib". Bundan başqa həmin yazıda “Rövşən Lənkəranski”nin qətlinin mümkün sifarişçisi haqda da məlumat verilib.

Sitat: “Qətlin motivi haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, əfsanəvi ”qanuni oğru"nun gülləbaran edilməsi Moskvanın Domodedovo rayonundakı eyni adlı meyvə-tərəvəz bazarına nəzarətdən doğan mübahisəyə görədir. Hətta qətlin mümkün sifarişçisinin adı da çəkilir - Timur. Bu şəxsin Rusiya Federasiyası Dumasının deputatı Aleksandr Şişkinin şəxsi mühafizə xidmətinin rəisi olduğu deyilir. Bildirilir ki, bazarda mübahisə illərdir ki, davam edir. Həmin bazardakı mübahisələr 2014-cü ilin yanvarında pik nöqtəsinə çatıb. O dövrdə Rusiya mətbuatında “Domodedovo” bazarındakı mübahisələr Moskvada azərbaycanlılar arasında bazar müharibəsi kimi təqdim edilib. Bazarın baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasova aidiyyətinin olduğu və özünə yaxın şəxsin idarə etdiyi haqda xəbərlər gəlib".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi