İntihar etmiş əsgərə zor tətbiq etməkdə təqsirləndirilən baş çavuş HƏBS EDİLDİ
Xəbər verildiyi kimi, sentyabrın 6-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Məmmədağa Məlikzadənin odlu silahdan atəş açmaqla özünü öldürməsi faktı əsasında Hərbi Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılır.
Baş Prokurorluğun mətbuat xidmərindən verilən məlumata görə, istintaqla N saylı hərbi hissəsinin baş çavuşu Fərəməz Abasovun rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar tabeliyində olan şəxsə - əsgər Məmmədağa Məlikzadəyə qarşı zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fərəməz Abasov Cinayət Məcəlləsinin 329.2.1-ci (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə Bakı Hərbi Məhkəməsinin müvafiq qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.