Prokurorluq azyaşlının ölümü ilə bağlı məlumat yaydı
Azyaşlı 2010-cu il təvəllüdlü Nurlan Məmmədovun (ad şərtidir) itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında Goranboy rayon Polis şöbəsində araşdırma aparılıb.
Goranboy rayon prokurorluğundan Azia.az-a verilən məlumata görə, istintaq-əməliyat tədbirləri ilə müəyyən edilib ki, Nurlan Məmmədov anasının tanışı İkram Hüseynov (ad şərtidir) tərəfindən avqustun 13-ü döyülüb, avqustun 15-də isə aldığı xəsarətlərdən ölüb.
Hazırda faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
İkram Hüseynov şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam etdirilir.