İrandan Rusiyaya kəskin etiraz
İranlı nazir Rusiyanın neft hasilatı barədə qərarını gülməli zarafat kimi dəyərləndirib.
İran İslam Respublikası Səudiyyə Ərəbistanının və Rusiyanın neft hasilatının yanvar ayı səviyyəsində saxlanılması barədə əldə etdiyi razılaşmaya kəskin reaksiya bildirib. İranın neft naziri Bijen Namdar Zəngənə bu qərara öz etirazını bildirib. Nazir razılaşmanı gülməli zarafat kimi dəyərləndirib.
“Bəzi qonşu ölkələr əvvəlki illərdə hasilatlarını gündəlik 10 milyon barelə çatdırıblar və ixracata bu səviyyədə davam edirlər. Ondan sonra da riyakarcasına “Hamımız neft hasilatını eyni səviyyədə saxlayaq” – deyirlər. Onlar hasilatı 10 milyon bareldə saxlayacaq, biz isə 1 milyonda? Bu, çox gülməli zarafatdır”.
OPEK ölkələri olan Venesuela, Səudiyyə Ərəbistanı, Qətər və OPEK-in xaricindəki ən böyük neft ixracatçısı olan Rusiya ötən həftə neft qiymətlərini artırmaq üçün hasil etdikləri neft miqdarını yanvar ayı səviyyəsində saxlamaq üçün razılığa gəlmişdilər.
Nüvə proqramı səbəbindən 2012-ci ilin iyul ayından Amerika Birləşmiş Ştatları (ABŞ) və Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən neft ixracına embarqo tətbiq edilən İran ötən ilin 14 iyulunda imzalanan nüvə razılaşmasından sonra sanksiyaların ləğv olunması ilə yenidən neft hasilatını çoxaltmaq istəyir.
Səudiyyə Ərəbistanının neft hasilatını çoxaltması ilə ötən ildən bəri neftin qiyməti 70 faizə qədər ucuzlaşıb. İranın neft hasilatını çoxaltması ilə neft qiymətindəki ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır.
Ötən ildən neft qiymətində kəskin ucuzlaşma baş vermiş və bu hal iqtisadiyyatı neftdən asılı olan ölkələrdə ciddi problemlər yaradıb. ABŞ-ın uzun illər sonra Avropaya neft ixrac etməyə başlaması bu tendensiyanı sürətləndirmişdi. Neftin ucuzlaşmasından sonra bəzi körfəz ölkələrində uzun illərdən sonra ilk dəfə benzin bahalaşmışdı. Yaxın günlərdə isə Venesuelada benzinin qiyməti 60 dəfəyə qədər artmışdı.