azia.az
azia.az

Bakıda artan “arenda” pulları

31-10-2018, 08:38

Bakıda artan “arenda” pulları Son bir-iki ildə Azərbaycanda obyekt icarələrinin leqallaşması səviyyəsi xeyli yüksəlsə də, amma sahibkarlar arasında qeyri-rəsmi sövdələşmələr hələ də davam etməkdədir.
Qeyri-rəsmi sövdələşmələr əsasən şəhər ətrafı yarmarkalarda müşahidə edilir. Sahibkarlarla aparılan qeyri-rəsmi söhbətlərdən aydın olur ki, bu yarmarkalarda hələ də sovet illərinə xas qeyri-rəsmi sövdələşmələr aparılır. Bu da sahibkarlar arasında sivil ticarət müqavilələri, o cümlədən icarə müqavilələri bağlamağa imkan vermir.
Problem əmlakın mülkiyyət hüququndan başlayır. Məsələ bundadır ki, 100 min manat verərək bu yarmarkalarda dükan almış adamların əllərində heç bir mülkiyyət sənədi yoxdur. Buna görə də onlar əmlakı icarəyə verərkən heç bir sənəd imzalamırlar, ödəniş nağd şəkildə əldən ələ verilir. Ödənişlə bağlı heç bir qəbz də verilmir.
Ödəniş prosesi bir neçə mərhələdə həyata keçirilir. Məsələn, orta cərgədə yerləşən 20 kvadratlıq dükanın sahibi obyektini 1500 manata hansısa digər şəxsə verir. Bu zaman heç bir müqavilə imzalanmır və heç bir notariat təsdiqi gerçəkləşdirilmir.
Dükan sahibi icarəçidən aldığı pulun heç də hamısını özünə götürmür. Həmin pulun təxminən 700 manatı yarmarka rəhbərliyinə verilir. Dükan işlədənlərin dediyinə görə, həmin pulun təxminən 300 manatı rəsmiləşdirilərək banka keçirilir.
Onların fikrincə, yarmarkaların verdiyi mülkiyyət sənədləri və s. hamısı fiksiyadır. Əslində, sənəddə yarmarka rəhbərliyi həmin dükanı “faktiki” yiyəsinə icarəyə verilmiş kimi sənədləşdirir. Beləliklə, sahibkarlar real dövriyyənin 5 dəfə kiçildildiyini düşünürlər. Yəni uyğun olaraq, icarədən tutulan vergilər də 5 dəfə kiçildilir. Yarmarkadan birbaşa icarəyə dükan götürmüş ticarətçilər də təxminən bir o qədər pul ödəyir. Sadəcə, həmin pulun böyük hissəsi yarmarka rəhbərliyinə qalır.
Bakının mərkəzində isə vəziyyət fərqlidir. “MBA” konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimlinin ANS PRESS-ə bildirdiyinə görə, bir neçə ildir ki, şəhərin mərkəzindəki ofislərə və ticarət obyektlərinə nəzarət gücləndirilib: “Burada, demək olar ki, hər ay vergidən gələrək hər şeylə maraqlanırlar. Ərazidəki orta bazar qiyməti ilə maraqlanırlar və bütün icarə ödənişlərinin nağdsız yolla gerçəkləşdirilməsini tələb edirlər. Yəni kimsə öz obyektini qeyri-rəsmi yolla icarəyə verə bilməz”.
Bu, Vergilər Nazirliyindən verilən açıqlamada da təsdiqlənir. Nazirlikdən verilən məlumata görə, obyekt sahibləri icarəni real qiymətdən aşağı sənədləşdirə bilməzlər. Çünki Vergilər Məcəlləsinin 14-cü maddəsi icarəyə verilmiş obyektdən vergini bazar qiymətinə görə tutmağa imkan yaradır.
Bunun nəticəsidir ki, Nazirlik ölkə üzrə leqallaşan əmlak icarəsinin səviyyəsini artıra bilir. “MBA” konsaltinq şirkətinin məlumatına görə, 2016-cı il fevralın əvvəlinə olan vəziyyətə, ölkə üzrə qeyri-kommersiya obyektlərinin icarəsi manat ifadəsində 9,72% artıb. Halbuki, manatın məzənnəsinin dəyişməsindən sonra əmlak bazarında icarə qiymətləri aşağı salınıb. Şəhər ətrafı yarmarkalarda da kvadratmetrdən tutulan icarə pulu 4 manat, yəni təxminən 20 faiz azaldılıb. Bir çox icarə müqavilələri ləğv edilib. Belə bir zamanda toplam icarə göstəricisinin artması yalnız bu sektora vergi nəzarətinin dərinləşməsi nəticəsində mümkündür.
Əslində, şəhər ətrafı yarmarkalarda icarə müqavilələrinin leqallaşma səviyyəsi artırmalıdır və bu obyektlər də icarə əməliyyatlarından normal vergi ödəməlidirlər. Hər halda, neft gəlirlərinin azaldığı bir dövrdə büdcə daxilolmaları bu cür neftdən kənar sektorlar hesabına təmin edilməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi