azia.az
azia.az

Azərkosmos: Azərbaycanda peykin idarə edilməsinə yalnız yerli kadrlar cəlb olunub

12-02-2016, 10:42

Azərkosmos: Azərbaycanda peykin idarə edilməsinə yalnız yerli kadrlar cəlb olunub Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti peyk resurslarının idarə edilməsi üzrə kadr və texniki mütəxəssislərin hazırlanması ilə bağlı ciddi işlər görüb. Bunu Trend-ə “Azərkosmos” ASC-nin Peyk əməliyyatları qrupunun rəhbəri Dunay Bədirxanov deyib.
Onun sözlərinə görə, əsas diqqət yerli kadr potensialına yönləndirilib və birinci telekommunikasiya peykinin orbitə buraxılmasından və idarəetmə mərkəzlərinin işə salınmasından sonra ASC-nin mütəxəssisləri “Measat Satellite Systems” və “Orbital Sciences Corporation” şirkətlərində staj keçiblər: “Hazırda peykin idarə edilməsi yalnız yerli kadrlar hesabına həyata keçirilir. Bununla yanaşı, əməkdaşlarımızın kadr potensialının artırılması işinə əcnəbi mütəxəssisləri cəlb edirik”.
D.Bədirxanov qeyd edib ki, peykin idarə edilməsi sistemi fasiləsiz olaraq, həftədə 7 gün, sutkada 24 saat işləyir. ASC-nin mütəxəssisləri təyin edilmiş orbital mövqedən yayınmaması üçün peykin iş vəziyyətinə nəzarət edirlər və lazım olanda peykə komandalar göndərir, konfiqurasiyada və peykdə quraşdırılmış telekommunikasiya avadanlığının istifadəsində müvafiq dəyişikliklər edirlər.
O, əlavə edib ki, hazırda ASC qarşısında dayanan vacib vəzifələrdən biri “Azerspace-2” telekommunikasiya peykinin orbitə buraxılmasıdır. Onun istehalçısı qismində Kanadanın MDA korporasiyasının törəmə şirkəti "Space Systems Loral" (SSL) çıxış edir. Şirkətlə 2015-ci ilin oktyabrında müqavilə imzalanıb. Bu şirkət peyk idarəetmə sistemlərinin tədarükçüsü qismində də çıxış edir.
Qrup rəhbəri diqqətə çatdırıb ki, “Azerspace-2” peykinin orbitə buraxılması 2017-ci ilə planlaşdırılıb: “Peyk 45 dərəcə şərq uzunluğu orbital mövqedə yerləşdiriləcək. “Azerspace-2” Fransanın “Arianespace” şirkətinin “Arian-5” raket daşıyıcısı ilə Kuru aerodromundan orbitə buraxılacaq. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq”.
D.Bədirxanov deyib ki, Peyk idarəetmə mərkəzində “Azersky” aşağıorbitli peykin idarə edilməsi üzrə texniki qrup da işləyir: “Qrup missiyaların planlaşdırılması və peykdən alınan şəkillərin işlənməsi ilə məşğul olur. Azersky-ın resursları rəqəmsal xəritələrin modelləşdirilməsi, nəqliyyat infrastrukturuna nəzarət, ekoloji monitorinq, şəhərsalma, əkinlərin monitorinqi, çirklənmənin qiymətləndirilməsi, təhlükəsizlik, hərbi məqsədlər və s. üçün lazımdır. Azərbaycanın “Azersky” peykinin idarəetməsini əldə etməsi üzrə müqavilə 2014-cü ildə Azərbaycan və Fransa arasında strateji tərəfdaşlıq çərçivəsində imzalanıb ki, bu da ASC-yə Yerin məsafədən zondlaşdırılması üzrə kommersiya xidmətlərini göstərməyə başlamaq hüququ verdi”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi