AMEA Mərkəzi Elmi Kitabxanasına Mir Cəlal Paşayevin kitabları daxil olub
Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Nərgiz Paşayeva tərəfindən, XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Azərbaycanın Əməkdar Elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin beşcildlik və görkəmli ədibə həsr olunmuş ikicildlik kitabları AMEA Mərkəzi Elmi Kitabxanasına hədiyyə edilib.
Qeyd edək ki, beşcildliyə Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan Mir Cəlalın kiçik janrlarda yazılmış əsərləri daxil edilmişdir. Hekayə Mir Cəlal yaradıcılığında əsas yer tutduğundan dörd cilddə onun hekayə yaradıcılığı ardıcıl izlənmişdir. Son cilddə isə ədibin yaradıcılığında epizodik xarakter daşıyan janrlar - oçerklər, şeirlər, tərcümələr, xatirələr və felyetonlar verilmişdir.
Digər orijinal tərtibatlı ikicildlik kitab Azərbaycan xalqının sevimli yazıçısı, görkəmli pedaqoq, ədəbiyyatşünas alim və publisist Mir Cəlal Paşayevin əziz xatirəsinə həsr edilib. “Mir Cəlal: Həyatı, mühiti, ədəbi, elmi və pedaqoji fəaliyyəti” adlı birinci cilddə Mir Cəlal haqqında müasirlərinin ədəbi-nəzəri düşüncələri və ədibə həsr olunmuş poetik nümunələr yer alıb. Kitabın ikinci cildi isə “Mir Cəlal: Ömrün mənalı anları” adlanır. Bu cilddə ədibin fotoşəkilləri, şəxsi arxivindəki əlyazmaları və epistolyar irsi toplanıb.
Kitabxanaya daxil olan, Azərbaycanın elm dünyasının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin bütöv bir obrazını özündə ehtiva edən bu kitablar, MEK oxucularının böyük marağına səbəb olacaq və elmi tədqiqat işlərinin aparılmasında dəyərli mənbə kimi istifadə ediləcək.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr şöbəsi