Neftin qiyməti ilə bağlı yeni proqnoz
Dünya Bankı (DB) 2016-cı il üçün neftin orta illik qiyməti ilə bağlı proqnoz verib. DB-nin proqnozuna görə, neftin qiyməti bu il 1 barelə görə 37 dollardan 41 dollara qədər artacaq.
DB bunun səbəblərini də açıqlayıb. Bildirilir ki, DB-nin proqnozu dünya bazarındakı neft bolluğunun mümkün azalması və dolların zəifləməsi ilə əlaqədardır.
DB-nin baş iqtisadçısı Con Baffets vurğulayır ki, 2016-cı il ərzində enerji daşıyıcıların qiymətlərinin artacağı gözlənilir. Onun sözlərinə görə, bunun səbəbi bazarların artıq təkliflər mərhələsindən sonra tarazlığı bərpa etməsidir.
"Əgər OPEC-ə üzv olan və olmayan ölkələr hasilat həcmini xeyli artırarsa, enerji daşıyıcıların qiymətləri daha çox aşağı düşəcək.
Hazırda müxtəlif təşkilatlar, banklar və hökumətlər neftin orta qiyməti ilə bağlı fərqli proqnozlar verirlər. Belə ki, Beynəlxalq Valyuta Fondu iki həftə əvvəl, aprelin 12-də 2016-cı il üçün neftin orta qiyməti ilə bağlı proqnozunu 35 dollar səviyyəsinədək azaldıb.
Hazırda dünya birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 46,27 dollar təşkil edir.
“WTI” markalı neftin qiymətində də cüzi bahalaşma hiss olunur. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 44,51 dollar müəyyən olunub.
Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,36 dollar ucuzlaşaraq 45,62 dollar təşkil edib.