İran ABŞ-ı Hörmüz boğazını bağlayacağı ilə hədələdi
İran Hörmüz boğazını bağlaya bilər. “Press TV” bildirir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun admiralı Əlirza Tanqsiri deyib. Qərar ABŞ-ın İran neftinin ixracına tam qadağa qoymasından sonra açıqlanıb. Onun sözlərinə görə, Hörmüz körfəzi beynəlxalq dəniz keçididir və o yoldan istifadəyə icazə verilməzsə, İran özünün strateji su yolunu bağlaya bilər.
“İstənilən təhlükəyə qarşı İran sularını qorumaqdan çəkinməyəcəyik. Biz cavab tədbirləri görəcəyik”, - deyə Tanqsiri bildirib.
Qeyd edək ki, ABŞ administrasiyası İranla əməkdaşlığı davam etdirmək üçün 8 ölkəyə verdiyi 180 günlük güzəşt müddətini uzatmayacağını bəyan edib. Bu ölkələr Çin, Yunanıstan, Hindistan , İtaliya, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyədir. Həmin müddət mayın 2-də bitir.
Virtualaz.org-un məlumatına görə, bu arada Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, rəsmi Ankara ABŞ-ın İrandan neft idxalına görə bir sıra ölkələrə verdiyi möhləti uzatmamasına mənfi baxır. Onun sözlərinə görə, möhlətin başa çatması qərarı regionda sülh və sabitliyə xidmət etmir, İran xalqına da ziyan vuracaq.