Türkiyədə terror: 34 nəfər ölüb, 125 nəfər yaralanıb (VİDEO)
Partlayış hərəkətdə olan bomba yüklü maşınla törədilib
Türkiyənin daxili işlər, səhiyyə və ədliyyə nazirləri Ankarada baş vermiş partlayışla bağlı birgə açıqlama veriblər.
Türkiyənin daxili işlər naziri Əfqan Ala bildirib ki, partlayışın hərəkətdə olan bomba yüklü maşınla törədildiyi artıq dəqiqləşib.
Onun sözlərinə görə, hadisə ilə bağlı başqa detallar da dəqiqləşib, hadisənin hansı terror təşkilatı tərəfindən həyata keçirilməsi barədə məlumatlar var, bunlar tam araşdırmalardan sonra açıqlanacaq.
Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu isə bildirib ki, terror aksiyası nəticəsində hadisə yerində 30 nəfər həlak olub. Daha 4 nəfər isə xəstəxanaya çatdırlarkən yolda dünyasını dəyişib.
Hadisə zamanı yaralanmış 125 nəfər Ankaradakı 24 müxtəlif xəstəxanada yerləşdirilib: “Onlardan 7-si əməliyyata alınıb, 19 nəfərin isə durumu ağırdır”.
Qeyd edək ki, terror hadisəsindən dərhal sonra Türkiyənin baş naziri Əhməd Davudoğlunun sədrliyi ilə hökumətin fövqəladə iclası keçirilib.
Ankara Valiliyinin yaydığı ikinci açıqlamada bildilirib ki, bu gün Ankarada baş vermiş partlayış nəticəsində hadisə yerində 23 nəfər ölüb. Daha 4 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə nəticəsində 75 nəfər yaralanıb.
Türkiyənin paytaxtı Ankarada baş vermiş partlayışda 25 nəfər ölüb, 75 nəfər yaralanıb.
Bu barədə Ankara Valiliyinin yaydığı rəsmi açıqlamada bildirilib.
Ankaranın mərkəzi Kızılay meydanında baş vermiş partlayışın səbəbi hələlik məlum deyil.
Digər mənbələrdə isə partlayışın canlı bomba tərəfindən törədildiyi iddia olunub.
Partlayış Kızılay meydanın ətrafında təxminən 10-a qədər avtobus dayanacağının olduğu ərazidə baş verib. Əraziyə çoxlu sayda təcili tibbi yardım maşınının cəlb olunması çoxlu sayda yaralı olduğunu söyməyə əsas verir.
Hadisə ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.
Türkiyə Radio və Televizya Üst Qurumu hadisə ilə bağlı mediaya yayın qadağası tətbiq edib.
Türkiyənin paytaxtı Ankarada növbəti partlayış baş verib.
Partlayış Ankaranın mərkəzi Kızılay meydanındakı avtobus dayanacağında baş verib.
İlkin məlumata görə, hadisə yerində çoxlu sayda yaralı var.
Partlamanın nəticəsində 6-7 maşının və sərnişin avtobusu tamamilə yanıb.
Hadisə yerinə təhlükəsizlik qüvvələri və onlarla təcili tibbi yardım maşınları cəlb edilib.
Qeyd edək ki, bu il fevralın 17-də Ankarada terror aktı baş verib. Türk Silahlı Qüvvələrinin hərbçiləri daşıyan maşınlarına olan bombalı hücum nəticəsində 28 nəfər həlak olub, 61 nəfər yaralanıb.