Rəhbərə etiraz edən işçilər niyə daha faydalı ola bilər? - Psixoloq açıqladı
Əməkdaşların rəhbərlə daim razılaşması iş prosesində şübhələrin olmaması ilə deyil, ehtiyatlılıqla bağlı ola bilər. Bununla yanaşı, etiraz edən əməkdaşlar çox vaxt qəbul edilən qərarların zəif tərəflərinə diqqət çəkirlər.
Valyuta.az xəbər verir ki, bu barədə biznes-psixoloq, “PAZL Psixoloji ustalıq akademiyası” onlayn məktəbinin rəhbəri Yekaterina Boronkina “İzvestiya” qəzetinə danışıb.
Mütəxəssis bildirib ki, rəhbərin fikri ilə razılaşmayan əməkdaş heç də həmişə çətin xarakterli və ya komandada münaqişə mənbəyi olan şəxs deyil. Bir çox hallarda məhz belə əməkdaş rəhbərin qərarlarının mümkün nəticələrini ilk anlayan və digər işçilərin soruşmağa cəsarət etmədiyi sualları səsləndirən şəxs olur. Belə insan rəhbərliyə qarşı çıxmaq üçün deyil, şirkətin ümumi fəaliyyətinin yaxşılaşdırılması məqsədilə problemlər və risklər barədə məlumat verir.
“Razılaşmamağın faydası əməkdaş öz mövqeyini konstruktiv şəkildə ifadə edə bildiyi, rəhbər isə etirazları öz nüfuzuna qarşı yönəlmiş təhdid kimi deyil, əlavə informasiya kimi qəbul etdiyi zaman ortaya çıxır. Çünki hətta ən təcrübəli rəhbər də bütün prosesləri eyni anda görə bilməz. Əməkdaşlar isə müştərilərə, məhsula, əməliyyat fəaliyyətinə, real iş yükünə və mövcud məhdudiyyətlərə daha yaxındırlar. Buna görə də onların şübhələri çox vaxt rəhbərin malik olmadığı dəyərli məlumatları ehtiva edir”, deyə psixoloq izah edib.
Onun sözlərinə görə, konstruktiv fikir ayrılığı ilə dağıdıcı müqavimət arasındakı fərqi görmək vacibdir. Birinci halda diqqət konkret vəzifəyə və görülən işin nəticəsinə yönəlir, fikirlər faktlara, risklərə və nümunələrə əsaslanır. Eyni zamanda alternativ həll yolları nəzərdən keçirilir və müzakirədən sonra həmin variantları qəbul etməyə hazırlıq nümayiş etdirilir.
Dağıdıcı davranışda isə diqqət məsələnin özündən çox şəxsin üzərinə yönəlir. Bu, ümumiləşdirilmiş tənqid, əməkdaşların arxasınca danışmaq, sabotaj və ya dəyişikliklərdə iştirak etməkdən imtina formasında özünü göstərə bilər.
Ekspert vurğulayıb ki, açıq ünsiyyət əməkdaşların psixoloji vəziyyətinə də təsir göstərir. İnsan narahatlıqlarını və təkliflərini ifadə etmək imkanından məhrum olduqda, öz iş prosesinə təsir göstərə bildiyinə dair hissini itirməyə başlayır. Bu isə yorğunluğa, işə qarşı kinik münasibətə və şirkətdən ayrılmaq istəyinə səbəb ola bilər.
Paşa Məmmədli