azia.az
azia.az

Müdirini zəhərləyib 423 min dollarını talayan qadının atası məhkəmə prosesini pozmaq istədi

14-10-2022, 12:01


Bir neçə gündür ki, mənimsəmə cinayətində ittiham olunan Nelli Fabriçnayanın cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində proses başlayıb.

İttiham aktına görə, Nelli Fabriçnaya iş üzrə zərərçəkmiş qismində tanınan Əfqan Zeynalovun baş direktoru olduğu şirkətin külli miqdarda pulunu mənimsəmə yolu ilə ələ keçirib.

İttihamda göstərilir ki, N.Fabriçnaya seyfdən ümumilikdə 423 min dollar pulu mənimsəyib. O isə həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa peşkəş edib.

Fabriçnaya Əfqan Zeynalovun külli miqdarda vəsaitini talamaqla kifayətlənməyib, işi "kökündən həll etmək" üçün onu zəhərləyərək öldürmək, bununla da törətdiyi cinayəti ömürlük gizlətmək qərarına gəlib. Lakin o, bu niyyətində kassanı taladığı kimi peşəkarlıq sərgiləyə bilməyib və belə demək mümkünsə, işi əlinə-üzünə bulayaraq xadiməni də özünə cinayət ortağı edib. Belə ki, o, ofisdə işləyən xadimə Mehriban Atakişiyeva ilə əlbir olaraq, Əfqan Zeynalovu zəhərləyib. Bir neçə gün komada qalan Ə. Zeynalovu ölümün pəncəsindən xilas etmək üçün həkimlər xeyli səy göstəriblər və bir neçə aydan sonra o normal həyata dönə bilib.

İstintaq müddətində azadlıqda qalan Fabriçnayaya ancaq mənimsəmə ittihamı verilib. O, yalnız məhkəmənin hazırlıq iclasında həbs edilib. 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmin cinayət işi üzrə hakim Faiq Qəniyevin sədrliyi ilə növbəti proses keçirilib. Prosesdə Nelli Fabriçnayanın atası Vyaçeslav sərbəst ifadə verib. Daha doğrusu, hakimin israrlı tövsiyyələrinə və xəbərdarlıqlarına baxmayaraq Vyaçeslav nə hakimin, nə də zərərçəkmiş tərəfin suallarına cavab verməkdən yayınıb, ziddiyyətli ifadələrlə prosesi pozmağa cəhd göstərib. Çarəsiz qalan hakim onun istintaqda verdiyi ifadəni oxumaqla proses iştirakçılarını məlumatlandırmış olub. Vyaçeslav hakim Faiq Qəniyevin "Siz gedib Əfqan Zeynalovun evində onu hansı vəziyyətdə gördünüz" sualına belə cavab verdi ki, mən Əfqan yaşayan mənzilə getdim, o həqiqətən zəhərlənmişdi, yerdə yatırdı, amma bir necə gündən sağalıb ayağa qalxdı. Onun bu cavabına etiraz edən Əfqan Zeynalov söz alaraq Vyaçeslavın onun etibarından sui-istifadə etməsinə və uzun illər onunla dostluq etməsinə, bu günsə tamamilə qeyri-səmimi, ziddiyyətli ifadə verməsinə çox təəsüfləndiyini bildirdi.
 
Ötən prosesdə ifadə verən xadimə Mehriban Atakişiyeva isə zərərçəkmişin vəkili İradə Cavadovanın verdiyi sualları cavablandıra bilmədi. Qərara alındı ki, növbəti prosesdə Nelli Fabriçnayanın sevgilisi Rauf Zülfüqarovun ifadəsi dinlənilsin və bundan sonra prosesdə istintaq dövründə əldə edilən sübutların, iş üzrə əhəmiyyət kəsb edən vatsap yazışmalarının və videogörüntülərin qiymətləndirilməsinə başlanılsın.
 
Növbəti proses 20 oktyabr saat 14.30-a təyin edildi.
 
Xatırladaq ki, zərərçəkmiş Ə. Zeynalov Qarabağ Qazisidir. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi