“Putin demişdi ki, Krım körpüsünü partlatsalar…” – Sözünü tutacaqmı?
Bu gün Rusiya-Ukrayna savaşı fonunda uzun müddətdir müzakirə olunan və gözlənilən dönüş nöqtəsi baş tutub. Ukrayna ordusu Krım körpüsünü vurub.
Raket körpünün dəmiryol qanadında hərəkət edən neft sisternlərinə dəyib, həmçinin, avtomobillər hərəkət edən xəttin bir hissəsi də çöküb. Bundan öncə isə Rusiya bu körpünün vurulacağı halda, Ukraynaya qarşı taktiki nüvə raketindən istifadə edəcəyini bildirmişdi.
Maraqlıdır, Putin məlum hadisədən sonra hansı addımı atacaq?
Politoloq Əlimusa İbrahimov deyib ki, Ukrayna tərəfindən Krım körpüsünün vurularaq istifadəsiz hala gətirilməsi Rusiya-Ukrayna müharibəsinində yeni mərhələnin başlanğıcı hesab oluna bilər:
“Rusiya tərəfi başlanğıcda körpünün ciddi mühafizə olunması və möhkəm konstruksiyaya uyğun qurulmasını əsas gətirərək ona ciddi ziyan vurmağın mümkün olmayacağını iddia edirdi. Amma sonralar körpüyə qarşı törədilən təxribata nüvə silahı ilə qarşılıq veriləcəyini bəyan etməyə başladı. Ukrayna ordusu Rusiya tərəfinin körpünü dağıtmağın mümkün olmayacağı barədə yaratdığı mifi dağıtdı və növbəti dəfə ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə verdiyi uzaqmənzilli silahların qarşısında Krım körpüsünün aciz olduğunu sübut etdi”.
Ekspert Rusiyanın nüvə silahından istifadə edəcəyi barədə təhdidi haqda isə bunları deyib:
“Rusiya bu nüvə silahından “sehirli çubuq” kimi son dövrlər daha çox istifadə etməyə başlayıb. Bu da onların cəbhədə uğradıqları məğlubiyyətlə bağlıdır. Orada elə düşünürlər ki, nüvə silahından istifadə etməklə Rusiya bu müharibədə qarşılaşdığı bütün problemləri həll edəcək. Yəni ruslar bu silaha həddindən artıq önəm verir və onun istifadəsinin gətirəcəyi çox ciddi problemləri unudaraq yalnız Ukrayna ordusuna qalib gəlməyi düşünürlər”.
Müsahibimizin fikrincə, Rusiya bu silahdan istifadə edərsə, o zaman mövcudluğu sual altına düşə bilər:
“Rusiya bu silahı istifadə etməyə yaxınlaşdıqca ondan istifadənin gətirəcəyi fəsadları daha yaxından görür. Ona görə də düşünmürəm ki, Krım körpüsünün partladılması Rusiyanın Ukraynaya qarşı nüvə silahına əl atması ilə nəticələnəcək. Rusiya Ukrayna Silahlı Qüvvələrinin körpünü partlatmaq istiqamətində atdığı addımları uğursuz adlandıraraq nüvə ilə bağlı verdiyi bəyanatı yaddan çıxaracaq. Amma bu, onun sonrakı günlərdə nüvə silahından istifadə etməyəcəyi anlamına da gəlmir. Rusiya-Ukrayna müharibəsi hər keçən gün nüvə və ya Üçüncü Dünya Müharibəsinə bir addım da yaxınlaşır. Belə gedərsə, nüvə silahından istifadə edilməsi barədə məlumatı eşidəcəyimiz gün uzaq deyil”.
sfera.az