Almaniya Ukraynaya “Gepard” zenit-raket kompleksinin tədarükünü sürətləndirə bilər
Almaniya hökuməti kifayət qədər sursat təmin etməklə yanaşı, Ukraynaya “Gepard” zenit-raket kompleksinin çatdırılmasını sürətləndirməyin yolunu tapıb.
Bu barədə “Report” “Spiegel” nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, bir neçə həftəlik səylərdən sonra Almaniya hökumət idarəsi Norveç Müdafiə Nazirliyi ilə birlikdə əlavə sursat hazırlaya bilən istehsalçı tapıb.
“Gepard” üçün döyüş sursatının tədarükü əvvəllər problem hesab olunurdu, çünki 60 000-dən bir qədər az 35 mm-lik patron mövcud idi.
Almaniya hökuməti ilk olaraq Cənubi Amerikada sursat tapsa da, onların Ukraynaya təhvil verilməsi istehsalçı ölkə İsveçrə tərəfindən təsdiqlənməyib. Bir neçə gün əvvəl Norveçdə axtarışlar daha uğurlu olub.
Hökumət rəsmiləri keçən həftənin sonunda bildiriblər ki, yerli istehsalçı xüsusi 35 mm-lik mərmilər istehsal edə bilər. Onlar gələn həftə kimi Putlosdakı (Şlezviq-Holşteyn) Bundesver atış poliqonunda sınaqdan keçirilməlidir.
Qeyd olunub ki, avadanlığın özünün çatdırılmasına gəlincə, heç nə 30 “Gepard” qurğusunun Ukraynaya təhvil verilməsinə mane olmamalıdır. Sistem istehsalçısı artıq Almaniyada Ukrayna əsgərlərinə qurğulardan istifadə etmək üçün təlimlər keçirir.