Bayden G7-nin “Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı” planını açıqlayıb
ABŞ Prezidenti Cozef Bayden Almaniyanın Bavariya əyalətindəki Elmau sarayında keçirilən G7-nin (Böyük Yeddilik-red) liderlər sammitindən sonra təşkil olunan birgə mətbuat konfransında “Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı” planını açıqlayıb.
“Report”un məlumatına görə, Bayden G7-nin inkişaf etməkdə olan ölkələrdə davamlı infrastrukturu təmin etmək üçün maliyyə yardımlarını artıracağını bildirib. Ağ Ev rəhbəri ABŞ-ın 5 il ərzində “Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı” proqramına 200 milyard dollar töhfə verəcəyini açıqlayıb.
Bayden, tərəfdaşlığın bir hissəsi olaraq, ABŞ və G7 tərəfdaşlarının COVID-19 və digər peyvəndlər istehsal etmək üçün Seneqalda yeni sənaye miqyaslı peyvənd istehsalı müəssisəsinə sərmayə qoyduqlarını söyləyib.
"Açıq demək istəyirəm. Bu, yardım ya da xeyriyyəçilik deyil. Bu, ABŞ və bütün ölkələrin xalqları da daxil olmaqla, hamı üçün gəlir gətirəcək sərmayədir. G7 ölkələri “Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı”na qoşulur. Bu, aşağı və orta gəlirli ölkələrin infrastruktur ehtiyaclarını qarşılamağı, ildə 600 milyard dollar gəliri hədəf seçib”, - ABŞ rəhbəri deyib.