Ankara çətin seçim qarşısında: S-400-lər Ukraynaya veriləcək?
ABŞ Türkiyəyə Rusiyaya qarşı mübarizəyə dəstək olmaq üçün Ukraynaya S-400 hava hücumundan müdafiə sistemləri göndərməyi təklif edib. Qeyri-rəsmi olaraq təqdim edilən təklif ABŞ Dövlət katibinin müavini Vendi Şermanın Türkiyəyə səfəri zamanı da gündəm olub. Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir Rusiyanın "İzvestiya" qəzetinə müsahibəsində həmin iddianın yalan olduğunu bildirib.
Maraqlıdır, indiki məqamda Türkiyə Rusiyaya qarşı mübarizəyə dəstək olmaq üçün Ukraynaya S-400 hava hücumundan müdafiə sistemləri göndərə bilər?
Mövzu ilə bağlı Sfera.az-a danışan Türkiyədə yaşayan politoloq Ramiyə Məmmədova bildirib ki, ABŞ-ın Türkiyəyə ünvanladığı son təklif onun əslində ikili oynadığından xəbər verir:
"Məqsəd isə aydındır: Həm S-400-lərin Türkiyədən tamamilə çıxarılmasına nail olmaq, həm də Ankara ilə Moskvanın arasını vurmaq. Burada, həmçinin Ukraynanın, guya 3-cü dost ölkə tərəfindən Rusiyaya qarşı silahlanması məsələsi öz əksini tapıb”.
Xanım politoloq qeyd edib ki, ABŞ-ın Ukraynaya S-400-lərin göndərilməsi qarşılığında rəsmi Ankaraya tətbiq olunan sanksiyaları aradan qaldırmaq təklifi prezident Bayden tərəfindən hesablanmış addımdır:
"Türkiyəyə qarşı "F-35”-lər məsələsi də bir növ şantaj xarakteri daşıyır. Çünki ABŞ özü Ukraynın hava məkanını Rusiya üçün bağlamağa heç cür razılıq vermir və Ukraynanı silah-sursatla yetərincə təmin etmək istəmir. Bu artıq oyuna çevrilib. Ukrayna torpağında ABŞ Rusiya müharibəsi gedir. Ağ Ev isə bu müharibənin daha da genişlənməsində maraqlıdır və bunu aydın şəkildə büruzə verir. Bu təklif isə Türkiyənin həssas telləri ilə oynamaqdır. Yəni S-400-lər verilərsə, Rusiya və Türkiyə arasında diplomatik, iqtisadi sferada böyük sarsıntılar yaşanacaq. ABŞ da məhz bunu istəyir. Bu təklif artıq Türkiyə siyasi cameəsində əsas müzakirə mövzularından birinə çevrilib".
Politoloqun sözlərinə görə, Ankara onsuz da Ukranaya həm silah, həm də maddi-humanitar yardımlar edir:
"Lakin S-400-lərin Ukraynaya verilməsi məsələsi iləTürkiyə razılaşa bilməz. Hər nə qədər ABŞ rəsmi Ankaranın partnyoru olsa belə, Rusiya da Türkiyə üçün böyük bazar və tərəfdaşdır. Türkiyə Rusiya ilə bütün münasibətlərin dağılmasına imkan verə bilməz. Lavrovun da dediyi kimi, Ukraynaya Rusiya istehsalı olan silahları verən ölkə birbaşa hədəfə çevriləcək. Belə olan halda, bu addımın atılması Türkiyəni Rusiyanın gözündə düşmənə çevirəcək”. Turan Rzayev