Türkiyə "maksimum”u almaq, Rusiya “minimum”u vermək istəyir
Türkiyə "maksimum”u almaq, Rusiya “minimum”u vermək istəyir
Müəllif: Dmitriy Roy (haqqin.az saytının yazarı)
Bu günlərdə “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev Türkiyəyə S-400-lərin verilməsi ilə bağlı ikinci müqavilənin “yaxın zamanlarda” imzalanacağını açıqlayıb. Ancaq Ankarada hesab edirlər ki, «Türkiyə yeni rus raketlərini almaqla bağlı razılaşmanı imzalamağa hazır deyil”.
Əvvəlcə söhbət ABŞ-da yaşayan türk jurnalisti Raqıp Soylunun məqaləsindən gedirdi. O, “Middle East Eye” nəşri üçün yazısında Türkiyənin adı çəkilməyən yüksək vəzifəli məmuruna istinadən “danışıqların statusunun dəyişmədiyini” iddia edib.
Hökumətyönümlü «Daily Sabah» daha uzağa gedib. Nəinki məlumatı dolayısı ilə təsdiqləyib, həm də aşağıdakı sitatı gətirib: «Ruslar bizim ABŞ-la münasibətlərimizi zəhərləməyə çalışırlar”. Nəşrin rəyinə görə, Moskvanın müqavilənin ikinci hissəsi ilə bağlı bəyanatları ümumiyyətlə Ankaranın Qərb müttəfiqləri ilə münasibətlərində parçalanma yaratmaq cəhdidir.
Dəfələrlə qeyd etdiyimiz kimi, C-400-lərlə bağlı Rusiya-Türkiyə razılaşması Türkiyə üçün yalnız bir tərəfdən maraqlıdır: Ankaranın Rusiyaya analoji olan öz sistemlərini işləmək üçün texnologiyaları əldə etmək. Vaxtilə iranlılar da bu cür davranmış, C-300-ləri alaraq, onun bazasında öz “Bavar”larını işləyib hazırlamış və tədricən C-400-lə müqayisə olunacaq səviyyəyədək modernləşdirmişdilər.
Məsələdən xüsusilə təsirlənmiş ekspertləri dərhal xəbərdar etmək lazımdır: burada şəxsi heç nə yoxdur, ancaq biznesdir...
Bu mənada Türkiyəyə daha asan olacaq: uyğun texniki sənədləşdirmə olduğu təqdirdə onun müdafiə-sənaye kompleksinin texnoloji sıçrayışı “uşaq xəstəlikləri” olmadan istehsalatı tez mənimsəməyə, onu seriyaya buraxmağa və bəlkə də beynəlxalq silah bazarına təklif etməyə imkan verəcək. Əgər alınarsa, “Rusiya ilə birgə istehsal” nəticəsində. Əks-təqdirdə türklər müstəqil çalışacaq.
Türkiyə üçün özlərinin bu sinif zenit-raket komplekslərinin istehsalına başlamaq bu məsələdə ABŞ-la yaranan münaqişə fonundakı itkilərini ört-basdır edəcək böyük uğurdur. Müqavilə Türkiyəni, bir çox şərhçilərin sadəlövhlüklə fərz etdiyi kimi, heç də “Rusiyaya meylli” etmir, Ankaranı Moskvaya “bağlamır”. Bu onu həm hərbi-siyasi rəqabətdə, həm də Türkiyənin uğurla fəth etməyə başladığı beynəlxalq silah bazarında daha müstəqil edir – məhz buna görə Ərdoğan həm Qərbdəki, həm də yerli müxalifətdəki tənqid dalğasını yaxşı başa düşərək, bu cür riskli razılaşmaya gedib.
Müqavilənin məhz ikinci hissəsi “texnologiyaların verilməsi” opsiyasını və “müştərək istehsal”ın mümkünlüyünü nəzərdə tutur. Türkiyə üçün daha da pis olmayacaq – Ankaranın müqavilənin ikinci hissəsini reallaşdırmaqdan imtina etmək üçün ciddi əsası ümumiyyətlə yoxdur. Onda bu reaksiya nə ilə bağlıdır?
Ən ehtimali versiya – Türkiyə tərəfini “texnologiyaların verilməsi” opsiyalarının həcmi təmin etmir. Bu cür müqavilələrdə adətən olduğu kimi, tərəflərdən biri “maksimum” almaq, digəri isə bu növ silah istehsalında “nəzarət paketi”ni özündə saxlamaq üçün “minimum” texnologiya vermək istəyir.
Buna görə də Aleksandr Mixeyevin sözlərini Ankara üçün Rusiyanın təkliflərinin hazır olduğuna işarə kimi anlamaq lazımdır. Türkiyə tərəfinin reaksiyasını isə birmənalı olaraq bu təkliflərin onların məhdud xarakter daşıması səbəbindən narazılığı kimi yozmaq olar.
Bu isə avtomatik olaraq göstərir: Moskvanın şərtləri daxilində Ankara razılaşmanı imzalamağa hazır deyil. Və olmayacaq. Alverin uzun mərhələsi başlayacaq. Beləliklə, “C-400 razılaşması haqda saqa: ikinci mövsüm” uzun çəkıcək. Həmişə olduğu kimi, burada bütün vasitələr işə salınacaq – Liviyadan Ukraynaya qədər mübahisəli məsələlərdəki qarşılıqlı iddialar da, yüngül şantaj da, digər dramatik süjetlər də. Ancaq xüsusilə həssas ekspertlərə xəbərdarlıq etmək gərəkdir: burada şəxsi heç nə yoxdur – sadəcə biznesdir.