"Putin həddini bilsin"
Türkiyənin baş naziri Putinlə Obama arasında baş tutmuş telefon danışığını şərh edib.
“Heç kim Türkiyədən hesabat soruşmaq həddinə və haqqına sahib deyildir.” Bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya prezidenti Putinlə ABŞ prezidenti Obama arasında baş tutmuş telefon danışığını şərh edərkən deyib. Strasburqa səfər edərkən hava limanında jurnalistlərin suallarına cavab verən baş nazir bildirib ki, suriyalı qaçqınlara verdiyi dəstəyə görə dünyanın Türkiyəyə təşəkkür borcu var.
“Nümayəndəmizin olmadığı yerdə hər hansı bir iki ölkənin Türkiyə barədə apardığı müzakirənin bizim üçün heç bir dəyəri yoxdur. Öz aralarında hər cür mövzunu müzakirə edə bilərlər. Amma Türkiyənin sərhəddi barədə yekun sözü sadəcə Türkiyə Cümhuriyyəti dövləti deyə bilər. Başqa heç bir ölkənin, hələ də bağlı qapılar arxasında apardığı müzakirənin mənası da yoxdur, dəyəri də. Onsuzda bu, mətbuata sızmış bir məlumatdır. Amma arxa planda nə var, niyə belə qalmaqallı xəbər yayılıb, bunlar şərh edilməyə ehtiyacı olan məsələlərdir. Türkiyə sərhədləri, 5 ildir vətəndaş müharibəsinin böyük fəsadlar törətdiyi Suriyada sadəcə qaçqınlar üçün humanitar səbəblə açıq olmuşdur. Hazırda Türkiyənin qonaq etdiyi qaçqınları nəzərə alarsaq, dünyanın Türkiyəyə sadəcə təşəkkür borcu var. Heç kim hesabat soruşmaq həddinə və haqqına sahib deyildir.” – deyə Davudoğlu vurğulayıb.
Ötən gün Rusiya prezidenti Vladimir Putin İlə Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Barak Obama arasında telefon danışığı olub. Tərəflər başda Suriya problemi olmaqla bir çox məsələdə fikir mübadiləsi aparıblar.
Telefon danışığı vaxtı hər iki lider Rusiya ilə ABŞ-ın təşəbbüsü ilə əldə olunan atəşkəs razılaşmasının davam etməsinə, ehtiyac olan bölgələrə humanitar yardım göndərilməsinə qərar veriblər. Dialoq vaxtı Putin, terrorçuların və silah qaçaqmalçılarının istifadə etdiyi Türkiyə-Suriya sərhəddinin bağlanmasını təklif edib.