Fransa deputatı koronavirusa yoluxdu
Fransa Milli Assambleyasının (parlament) deputatı, 68 yaşlı Jan-Lyuk Reytser COVID-19 xəstəliyi ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
“Report” xəbər verir ki, bu barədə “France Bleu" bildirib.
Elzas regionundan Respublikaçılar partiyasını təmsil edən parlament üzvü tənəffüs yollarının problemi ilə intensiv terapiya şöbəsindədir. Onun koronavirusa yoluxması təsdiqlənib.
Bildirilir ki, deputat son dəfə fevralın 25-də parlamentin iclasında iştirak edib.
Son məlumatlara görə, Fransada koronavirusa yoluxanların sayı 420 nəfəri ötüb, virusa yoluxmuş 7 nəfər ölüb. Elzas regionu xəstəliyin yayılması mərkəzlərindən biridir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 87 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 97 022-yə çatıb. Onların 53 983 nəfəri sağalıb, 3 311 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.