azia.az
azia.az

“Mossad”ın Tehranda tapdığı gizli anbar

18-12-2019, 17:50

“Mossad”ın Tehranda tapdığı gizli anbar
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri Tehrandakı gizli anbarda uran izlərini aşkar ediblər. Hansı ki, həmin anbar barədə ötən il İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında çıxışı zamanı danışmışdı. Anbarın yerini “Mossad” keçirdiyi məxfi əməliyyat nəticəsində müəyyən edib. Bu əməliyyatın nəticəsi olaraq "Mossad" İranın nüvə arxivini oğurlayaraq İsrailə aparmışdı.

Virtualaz.org xəbər verir ki, Tehrandakı həmin anbarda uran izlərinin aşkarlandığını Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qərargahındakı iki diplomatik mənbəyə istinadən “Reuters” agentliyi bildirir. Məlumata görə İran hakimiyyəti həmin anbarda uranın olmasına izahat verməyib. Mənbələr deyiblər ki, söhbət aşağı faizlə zənginləşdirilmiş urandan gedir.

Beynəlxalq müfəttişlər anbardan 2019-cu ilin aprel ayında nümunələr götürüblər.

Həmin anbarın fotosunu BMT-dəki çıxışı zamanı nümayiş etdirən Benyamin Netanyahu habelə onun ünvanını və xəritədəki yerini də göstərmişdi. İsrail baş naziri demişdi ki, göstərilən obyektdə radioaktiv materiallar və avadanlıqlar saxlanılır. Onların daşınması üçün 20 ton tutumu olan 15 yük konteyneri lazımdır.

“Siz sual verməlisiniz: nəyə görə Tehranın məxfi nüvə arxivi və məxfi nüvə anbarı olmalıdır? Nəyə görə onlar dünya nəhəngləri ilə imzalanmış nüvə sövdələşməsindən sonra məhv edilməyib? Və cavabı sizə mən verirəm: ona görə ki, Tehran nüvə silahı hazırlamaq planlarından əl çəkməyib”,-Netanyahu bildirmişdi.

Xatırladaq ki, “Mossad” ötən ilin əvvəllərində İran ərazisində məxfi əməliyyat həyata keçirərək nüvə arxivini oğurlayıb. Və qonşu ölkələrdən birinin ərazisindən keçirərək İsrailə aparıb. Söhbət tonlarla ağırlığında sənədlərdən gedir. Həmin arxivin yerini İranda çox az sayda səlahiyyətli şəxs bilirdi. “Mossad”ın ələ keçirdiyi arxivlə tanışlıqdan sonra ABŞ prezidenti Donald Tramp İranla nüvə sövdələşməsindən çıxmaq və bu ölkəyə qarşı sanksiyaları bərpa etmək haqda ötən ilin mayında fərman imzaladı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi