Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Prezidentə üz tutdular – Torpaqlarının mənimsənilməsinə görə
Azia.az: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bir qrup müəllimi rastlaşdıqları qanunsuzluğun həllinə kömək məqsədiylə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ediblər.
Aktual.az Xural.com-a istinadla xəbər verir ki, 17 nəfərin imzaladığı müraiətdə deyilir:
"Möhtərəm Prezident!
1987-ci ildə Nazirlər Kabinetinin 20/396-cı qərarı ilə Universitetin 61 nəfər əməkdaşlarına – Pirallahı rayonunun, Dübəndi bağ massivində hər nəfərə 6 sot olmaqla torpaq sahəsi ayrılmışdır. Bağçılıq-yoldaşlıq təsərrüfatının sədri, mülki-müdafiə fənnini tədris edən İsmayılov Şöhrət Əhməd oğlu təyin edilmişdir. Həmin il bizə ayrılan torpaq sahəsini ala bilmədik.
Müəyyən səbəblərə görə Universiteti tərk edən işçiləri qeydiyyata almadan, siyahıda qalan 27 nəfərin adına yenidən sənəd toplanıb, 2011-ci ildə Torpaq və Xəritəçəkmə Komitəsinə təhvil verildi.
Lakin bizə verilən torpaq sahəsi yenə də əlçatmaz oldu.
Müəyyən oldu ki, 2016-cı ildən başlayaraq bizim seçdiyimiz Bağçılıq-yoldaşlıq təsərrüfatının sədri İsmayılov Şöhrət Əhməd oğlu, keçmiş laborant Əzizova Vahidə Seyfəddin qızı ilə birləşərək 27 nəfər işçinin yerinə 61 nəfərin adını öz xeyrinə dəyişdirərək, qeyri-qanuni yolla bizə verilən torpaqları satmaqla məşğul olmuşlar.
Torpaqlara baş çəkdikdə, aydın oldu ki, torpaq sıralamaları hasara alınmış və bir çox yerlərdə tikinti aparılmışdır.
Biz müəllimlər narazılığımızı aidiyyəti olan dövlət qurumlarına ərizə ilə müraciət etdik:
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətlərinə
2. Pirallahı rayonunun İcra Hakimiyyətinə
3. Gürgan qəsəbəsi nümayəndəliyinə
4. "BT”-nin sədr müavini Zəfər Abdulova, Rafiq Həsənova
5. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin sədri Hikmət Mustafayevə
6. Korrupsiya İdarəsinə
7. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilova
Adlarını sadaladığımız dövlət qurumlarından müsbət bir nəticə görmədikdə, cənab Prezident, biz məcbur olub Sizə və Azərbaycan Respublikasının birinci vitse-prezidenti, xanım Mehriban Əliyevaya, eləcə də Daxili İşlər naziri cənab Ramil Usubova teleqramla müraciət etdik. Həmin teleqramlara cavab olaraq 25 aprel 2019-cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının rəhbəri Azər Bəşirov bizə həqiqətdən uzaq, heç bir məntiqə söykənməyən, başdansovdu cavab verməklə, bu işdə günahkar olanların sanki müdafiəsində dayanmış və bununla da problemin həllini, el dili ilə desək, dağa dirəmişdir.
Bu cavabdan bizə aydın olur ki, cinayətə əl atmış İsmayılov Şöhrət Əhməd oğlu, eləcə də Əzizova Vahidə Seyfəddin qızını dolayısı yolla təmizə çıxarmaq istəmişdir. Bu da ona əsas verir düşünək ki, Əmlak Məsələləri Dövlət Komitəsinin bəzi əməkdaşları İsmayılov Şöhrət Əhməd oğlu və Əzizova Vahidə Seyfəddin qızı ilə torpaqlarımızın mənimsənilməsində iştirakçı olmuşdur… Şübhə yaranır ki, yəqin, bizim qanuni haqqımız barəsində şikayətimiz Sizə doğru-düzgün çatdırılmayıb…
Sizdən bir daha bu qanunsuzluğun ədalətli həllinə təsir göstərməyinizi xahiş edirik.
Hörmətlə,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri:
1. Əlizadə Məryəm, Əməkdar İncəsənət Xadimi, Sənətşünaslıq elmləri doktoru, professor.
2. Qasımov Məmmədsəfa, Xalq artisti, professor
3. Şükürov Azad, Əməkdar artist, dosent
4. Abdullayeva Yaqut, Əməkdar artist, dosent
5. Quliyeva Gülsabah, Əməkdar artist, dosent
6. Bayramov Ağalar, Əməkdar artist, dosent
7. Əliyeva Zərifə, pedaqogika üzrə fəlsəfə doktoru, dosent
8. Hüseynov Nadir, dosent
9. Mehdiyeva Yaqut, dosent
10. Abbasova Fazilə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
11. Qubadova Məsməxanım, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
12. Cabbarova Tamilla, dosent
13. Kərimova Alla, Baş laborant
14. Kərimova Gülfarə, baş laborant
15. Kərimova Fəxriyyə, tədris şöbəsinin müdiri
16. Səfərova Mahi, müəllim
17. Qocayev Qabil, Qarabağ müharibəsi veteranı”