azia.az
azia.az

“Xaricdən söyüş söyənlərə cavab verəsi olsam, söyüş söymərəm, onları utandıraram” - deputat

9-02-2019, 13:04

“Xaricdən söyüş söyənlərə cavab verəsi olsam, söyüş söymərəm, onları utandıraram” - deputat
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bu günlərdə bir videomüraciət yayıb. Həmin müraciətdə xaricdə yaşayan və hakimiyyəti tənqid edən, dövlət başçısı, eləcə də ayrı-ayrı məmurlarla bağlı söyüş ritorikasından istifadə edən şəxsləri hədələyib. Videomüraciətdə xeyli təhqir və aşağılayıcı ifadədən istifadə edən B.Quliyev eyni zamanda onlara hədə-qorxu da gəlib. “Kişisinizsə, yerinizi deyin”, “Nəyim varsa satıb, girdiyiniz deşikdən sizi çıxarıb, quyruğunuzdan asacam”, “Etdiklərinizin bədəlini ödəyəcəksiniz” kimi ifadələrə yer verən baş redaktor bununla da sosial şəbəkədə özünə qarşı xeyli etirazçı da yığıb.

Bir qrup insan söyüşə söyüşlə, təhqirlə cavab verməyin doğru olduğunu dedikləri halda, böyük əksəriyyət də bir redaktora bu üslubu yaraşdırmayıblar. Maraqlıdır, iqtidar mediası rəhbərləri həmkarlarının bu videomüraciəti barədə nə düşünürlər? Onlar da bu üslubda mübarizəyə qoşulacaqlarmı?

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ümumiyyətlə, kim həyatda necə danışırsa, insanlar arasında münasibəti necə qurursa, bu, onun dünyagörüşündən və ibtidai tərbiyəsindən asılıdır. Onun sözlərinə görə, birini söyəndə, təhqir edəndə qarşı tərəfin də adekvat tərzdə cavab verəcəyini bilməmiş deyilsən: “Əgər etikanı, xalqa məxsus ədəb-ərkanı gözləyirsənsə, birinci növbədə özünə hörmət edirsən. Kiminsə dalında, ya da əlçatmaz yerdə gizlənib təhqir edənə yaxşı baxmıram. Onları öyrədilmiş, tərbiyəsiz insan hesab edirəm. Söyüş söyən söyüş eşitməlidir də... "Söyüş müxalifəti"nin üzərində azərbaycanlı adı olmağına təəssüf edirəm. Onlar daxilən azərbaycanlı deyillər. Sən xaricdə yaşayırsıansa, dövlətinə qarşı çıxmalı deyilsən, azərbaycanlı adına yaraşmayan işlər görməməlisən. Arzun sığınacaq almaq deyildi? Almısan və sakit otur, insanları təhqir etmə".

Müsahibimiz hesab edir ki, söyüş söyənlərə qanunla cavab vermək lazımdır. B.Sadıqov bildirdi ki, xaricdən söyüş söyənlərə cavab verəsi olsa, onları söyməz: “Onu utandırar, qınayaram. Sənin söyüşünlə heç nə dəyişən deyil. Xanımlar, uşaqlar təsadüfən o söyüş dolu videolara baxa bilər. Heç bir azərbaycanlı kişisi qadın-qız olan yerdə söyüş söymür. Hətta biri söyəndə digərləri iradlarını bildirirlər. Onlara cavab vermək lazımdır. Amma Azərbaycan xalqının öz səviyyəsində. Azərbaycan siyasətçiləri, ziyalıları heç kimlə təhqirlə danışmayıblar”.

“Bəs siz o cür müraciət etməyi planlaşdırırsızmı” sualına cavabda B.Sadıqov dedi ki, o cür insanlara söz təsir edəsi deyil: “Onlarla ağız-ağıza vermək o səviyyəyə enməkdir. Bunu azərbaycanlı adına daşıyanlara rəva görmürəm. Hökmən qanunda nə dəyişiklik lazımdırsa edək. O insanlar sərhədləri çox-çox keçiblər. Onları hansısa formada cəzalandırmaq lazımdır. Mən bunun tərəfdarıyam”.

“Iki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ümumiyyətlə, Avropanın bəzi ölkələrində oturub, Azərbaycanı təhqir edənlər B.Quliyevin dediklərindən də aşağı sözlərə layiqdir. Onun fikrincə, ictimai qınaq lazımdır və eyni zamanda məsələyə hüquqi müstəvidə yanaşılmalıdır: “İnsanın söyməsi məsuliyyət yaradır. Cinayət Məcəlləsində maddələr var. Həmin adamları məsuliyyətə cəlb edib, qiymətini vermək lazımdır. Ailə üzvlərinə, ziyalılara qarşı təhqiramiz ifadə işlədirlər. Hamılıqla o insanlara yerini göstərməliyik. O ölkənin səfirliyinə müraciət edilməlidir. Dövlətə böhtan atırlar. Səfirlik vasitəsilə nota verilməlidir”.

V.Rəhimzadə hesab edir ki, həmin insanlar B.Quliyevin dediklərindən artıq ifadələrə layiqdir. Onun fikrincə, ictimai qınaq da hökmən lazımdır: “Paralel olaraq, bu məsələyə hüquqi müstəvidə yanaşılmalıdır. İnsanı təhqir edirsənsə, məsuliyyətin var. Ziyalılara, dövlətin rəhbərinə qarşı şər-böhtan olmamalıdır. Hərə bir formada etirazını bildirir. O formada da etiraz bildirmək olar. Bəhruz müəllim hələ az deyib. Daha təhqiramiz ifadələrə layiqdirlər. O adamlar kimlərinsə sifarişlərini yerinə yetirirlər. Anti-Azərbaycan qüvvələrdir. Çox güman ki, maliyyə ilə hərəkət edirlər. Onların əlində alətdirlər. Törətdikləri əməl isə cinayət əməlləridir. Onlar hazırda yaşadıqları ölkələrdəki insanlar, məmurlar barədə belə təhqiramiz ifadələr işlətsə, yüz dəfə artıq cəzalandırılardılar”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi