Əxlaqsız davranışın ən yaxşı cavabı – peyğəmbər taktikası...
Son günlərin aktual mövzularından biri də xaricdəki bir neçə soydaşlarımızın milli-mənəvi dəyərlərimizə, dövləti təmsil edən şəxslərə həqarətli münasibəti, siyasi mübarizə üçün seçdikləri yanlış üsullarla bağlıdır. Artıq bir çox tanımış simalar, ictimaiyyət nümayəndələri, siyasi xadimlər, ziyalılar bu biabırçılığa münasibət ortaya qoyub, bu üsulların toplum üçün neqativ mənəvi-psixoloji sonluqları haqda xəbərdarlıq ediblər.
Bu narahatlığı biz də bölüşürük. Çünki hakimiyyətdəki qüvvənin xarakterindən asılı olmayaraq, mənəvi dəyərlər cəmiyyətin tamlığını saxlayan bir neçə vazkeçilməz şərtdən biridir. Bu dəyərlər və onlara hörmət yoxsa, demək, cəmiyyətə də hörmət yoxdur.
Bu baxımdan, özünü Avropada təhlükəsiz mühitdə sayıb, ölkə prezidentini, birinci ledini, prezidentin ailə üzvlərini və onun köməkçisi Əli Həsənovu, eləcə də digər tanınan simaları təhqir etmək bir başa cəmiyyəti, o video -təhqirlərə baxan hər kəsi, bütövlükdə Azərbaycan xalqını təhqir etməkdi. Hazırda söyülən hamımızıq.
Qarabağ kimi problemi olan bir toplumun belə söyüş və ona dözüm lüksü isə ola bilməz. Şablon çıxmasın, bizə dost-düşmən baxır və ən önəmlisi, bizim parça-tikə olmağımız üçün fürsət gözləyir.
“Söyüş söyənə cənnət də haramdır”, “Söyüş söyənin ruzisi azalar” – buyurub əziz İslam peyğəmbəri (ə). Peyğəmbər əfəndimizin həyatı isə indinin özündə də gözəl davranış üçün, mübarizə üçün ideal örnək sayıla bilər. Bu qiymətli ömür mənəvi-əxlaqi dəyər gözləmədən özünü xalqa sevdirmək istəyənlərə sərt bir xəbərdarlıqdır – o mənada ki, necə həyatda yaşamaq, necə ünsiyyətdə olmaq, necə əqidə uğrunda mübarizə aparmaq olmaz!
İslam peyğəmbəri islamı zor gücünə yox, inandırma yolu ilə yaymaq üçün 23 il necə mübarizə apardı, hansı çətinliklərdən keçdi, hansı təhqirlərə, fiziki-mənəvi hücumlara, sui-qəsdlərə, məşəqqətlərə məruz qaldı; fəqət, ağzından rəqib və düşmən ünvanına həqarət, söyüş çıxdımı? Yoxdur belə şey. Əksinə, “Sizi söyənlərə salam verib keçin”, dedi. Lakin bizim bəzi soydaşlarımız salam verdikcə, daha da bəd söüşlərə, daha ağır təhqirlərə yönəlirlər.
...İslamın oturuşması uğrunda müharibələrdə tarixi qaynaqlara görə, hər iki tərəfdən cəmi 243 insan ölüb. Rəqəm yüz dəfələrə çox ola bilərdi, əgər Məhəmməd peyğəmbərin (s) insana, bütövlükdə yaradılışa, Yaradana sonsuz sevgisi olmasaydı. Məsələ də ondadır ki, Yaradanı, yaradılışı sevən, peyğəmbəri sevən dilinə söyüş gətirməz, heç kəsin şərəf-ləyaqətini alçaltmaz, eləcə də haqq basmaz, haqqı nahaqqa verməz!
Əxlaqsız davranış şübhəsiz, insanın iman və intellekt qıtlığından, natamamlıq kompleksindən xəbər verir. Ədəbsizlik və təhqir eləmək, yaxud günahı, nöqsanı olsa belə, kimisə aşağılamaq, bişəkk, cahillikdir, təkəbbürdür! Belələrinin ardınca elə özü kimilər gedər. Həzrəti Əli (ə) “Bir insanı camaat içində tənqid eləmək elə təhqir eləmək kimidir”, deyib. Yəni hətta haqq edilən tənqidi də üzə elə deməlisən ki, o insan inciməsin, üzülməsin. Yüksək əxlaq budur!
Söyüşün cavabı söyüşdümü? Əsla. Ən yaxşı cavab onun əksidir – yəni nümunəvi əxlaqi davranışdır, əxlaqdır. Söyüşü, söyüşçünü utandıran bir əxlaq! Opponentini, ələlxüsus onun məsələyə heç bir dəxli olmayan ailə üzvlərini, onların şərəf və ləyaqətini alçaltmaq kişi hərəkəti deyil, bununla nə ucalmaq olar, nə də hörmət-izzət yiyəsi. Çünki gündüz varsa, gecə ola bilməz.
Sözümüz əlbəttə ki, sosial statusundan, ranqından, tutduğu vəzifədən və daşıdığı missiyadan, yaşadığı yerindən asılı olmayaraq, siyasi mübarizədə əxlaqı meyarları aşanların hamısına, bütün ifratçılaradır – hansıları ki, Allah sevməz. Zira, əxlaqsız davranış insanı sürətlə nüfuzdan salar, onun illər boyu qazandığı ictimai kapitalı sıfırlayar, faktiki, küçədən keçənin birinə, siyasi “bomja” çevirər, olan-qalan nüfuzunu, yaxşı əməlini də heç edər. Nüfuzsuz insanın isə düz sözü də ciddiyə alınmaz cəmiyyətdə. Çünki hörməti olmaz. Məsələ bundadır.
Biz təhqirin önündə, acı olsa belə, gerçəyin yanındayıq – ancaq təhqirsiz-filansız, çılpaq gerçəyin, “donuz piyi” qatılmayan halal gerçəyin! Söyüşə bulaşmış gerçək isə elə söyüşün özüdür ki, var. Onun bətnində gerçək heç vaxt görünməz, eşidilməz - orada olsa belə! Yəni söyüş, əxlaqsız davranış haqqı-halalı da, yaxşılığı da əldən aparar, həqiqəti urvatsız edər.
Gerçəyi söyləmək üçün qışqırmağa, şantaj eləməyə, nalayiq sözlər işlətməyə, gerçəyi ədəbsizlik kağızına bükməyə lüzum yox ki. Həqiqət pıçıltı ilə də deyilə bilər. Əgər o, həqiqətən həqiqətdirsə, öz işini görəcək, işıq sürəti ilə yayılacaq, bomba effekti yaradacaq. Yox, yalandırsa, özünü həlak etməyə dəyməz, bağırsan da, söyüş püskürsən də, xeyri olmayacaq. Heç kim onu ciddiyə almayacaq.
Bir də əgər sənin siyasi mübarizə üsulun cəmiyyətin toparlanmasına yox, parçalanmasına və nifrətin artmasına gətirəcəksə, qəbirdəkiləri belə narahat edəcəksə, bu mübarizəyə dəyərmi? Axı, hamının – rəqibin də, dostun da şərəf-ləyaqəti var və bu, onun üçün hər şeydən, maddi dəyərdən də qat-qat üstündür.
Ancaq “hər şər işdə xeyir başlanğıcı da var” deyiblər. Sözü ona gətiririk ki, son ikrah doğuran hadisələr, xaricdə sipərlənmiş bir neçə azərbaycanlının ölkəyə söyüş yağırması əslində bundan sonra siyasi mübarizə üsulları üçün “qırmızı xətt” rolu oynamaqla, ümumiyyətlə, siyasi mədəniyyət, siyasi davranış və siyasi etika məsələlərində çəkindirici amil, sipər rolu oynaya bilər. Oynamalıdır da! Əks halda, biz heç vaxt sayılıb-seçilən toplumlardan ola bilməyəcək, cahil və qafil insanlar yığımı olaraq qalacağıq.
Dərs vermək kimi çıxmasın, ümid etmək qalır ki, baş verənlərdən və onların səbəb-nəticələrindən hamı özü üçün nəticə çıxaracaq, ibrət götürəcək. Bu kimi hadisələri qidalandıran səbəblərin kökünə baxa biləcəklər. Ona da ümid edək ki, bu biabırçı olaylar, söyüş ritorikası “siyasi qızılca” kimi tez ötüb keçəcək və yekun etibarilə ictimai immunitetin güclənməsinə gətirəcək, nəinki qorxulu “sarılıq” kimi daha ağır fəsadlar saxlayacaq.
Bir də heç kim unutmasın: istənilən düz əyrini kəsir...
Zahid SƏFƏROĞLU