Körpələr evinə kimi gedib çıxan mənşəyi naməlum ətlər - təhlükə
Eyyub Hüseynov: “Bu, hər yerdə, hər kəsin qarşısına çıxa bilər, Qida Təhlükəsizliyi Agentliyi normal fəaliyyət göstərsə, problem həllini tapacaq...”
İllərdir ki, ölkədə leş əti mafiyasının kökünü kəsmək mümkün olmur. Tez-tez mətbuatda tonlarla mənşəyi məlum olmayan yararsız ətlərin satış üçün hansısa istiqamətdə aparılarkən saxlanıldığı haqda informasiyalar oxuyuruq.
Təbii ki, polis tərəfindən saxlanılanlar leş əti mafiyasının fəaliyyətinin yalnız kiçik bir hissəsidir, məqsədinə nail olub əti mənzil başın çatdıranlar da olur ki, o ətlər də bizim qarşımıza dönər, kabab, kolbasa , sosiska olaraq kafe və restoranlarda, bazar-dükanlarda çıxır. Həm aidiyyəti dövlət qurumları, həm də hüquq-mühafizə orqanları tərəfindən bu istiqamətdə mübarizə aparılsa da, göründüyü kimi problemi tam aradan qaldırmaq mümkün deyil.
Son olaraq yanvarın 19-da Ağsu rayonunda mənşəyi məlum olmayan, qida üçün yararsız olan ət müsadirə edilib. Ağsu rayon Polis Şöbəsinin əməkdaşları bu gün Kərimov Ədalət Səlim oğlunun idarə etdiyi 10-JD-073 dövlət nömrə nişanlı, “UAZ” markalı yük avtomobilini Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 157-ci kilometrliyində saxlayaraq ona baxış keçiriblər.
Polis əməkdaşları avtomobildə çəkisi bir ton olan, mənşəyi məlum olmayan heyvan əti aşkar ediblər. Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri heyvan ətinə baxış keçirərək onun qida üçün tam yararsız olduğunu bildiriblər. Ətin Kürdəmir rayonuna satış məqsədilə aparıldığı məlum olub. Antisanitar şəraitdə aparılan ət müsadirə edilib. Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bəs görəsən, leş əti mafiyası ilə mübarizə aparmaq, vətəndaşların həyatına olan bu təhlükəni aradan qaldırmaq üçün daha hansı addımların atılmasına ehtiyac var, bu yöndə niyə köklü nəticələrə nail olmaq mümkün olmur?
“Yeni Müsavat”ın sualını cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov yeni fəaliyyətə başlayan Qida Təhlükəsizliyi Agentliyinin bu problemi də diqqətdə saxlayacağını bildirdi: “Azad İstehlakçılar Birliyi 20 ildir çalışır ki, leş mafiyasını ölkədən yox etsin. Leş yığanlar, yəni murdar olmuş, ölmüş heyvanların ətini yığıb satanların, bir də mənşəyi məlum olmayan at, eşşək ətini satanların Azərbaycanda yox olmasına çalışırıq. Lakin bu problemin həllini tapmamasının obyektiv səbəbləri var. Birincisi, dövlət orqanlarının mövqeyi birmənalı deyil. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi İdarə rəisi deyir ki, at, eşşək, hətta it əti də satmaq olar, bir şərtlə ki, üstünə nə əti olduğu yazılsın. Ancaq bu anormal bir qərardır, səhv düşüncədir. Bu işlə məşğul olan adamlara bir qədər də stimul verir, düşünürlər ki, sataq, adını yazmasaq da heç nə olmaz. Baytarlıq İdarəsi leş əti satanları tutur, 200 manat cərimə edir və buraxır”.
Eyyub Hüseynov ile ilgili görsel sonucu
AİB sədri onu da vurğuladı ki, bu istiqamətdə ən yaxşı işi məhz DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır: “May ayında biz bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə görüşdük. Onlar işin sonun qədər gedir, hüquqi nəticəyə varırlar. Ətlər ekspertizaya göndərilir, müəyyən hüquqi addımlar atılır, lazım olduqda cinayət işi qaldırırlar. Dövlət qurumlarının birmənalı olmayan yanaşmaları leş ətə şəbəkəsinin daha da ayaq açmasına səbəb olur. Əgər qanun bir cürdürsə, o cür də hərəkət etsinlər. Üstəlik, yolda ət saxlanıldıqdan sonra onu tələb edəni, alıcısını axtarıb tapmırlar. Bazarda bu ətlərə əsas tələbi kimlərsə yaradır, ona uyğun da təkli ortaya çıxır. Azad İstehlakçılar Birliyinin ATV-nin ”Yoxlama" verilişi ilə birgə apardığı işlər onu göstərdi ki, hətta Körpələr Evinə, uşaq bağçalarına, məktəb bufetlərinə də təhlükə gedib çıxır. Ora aparılan ətlər yoxlanılmır. Heç bir qurum bunun üçün məsuliyyət daşımır. Düşünürəm ki, təzə yaradılmış Qida Təhlükəsizliyi Agentliyi bu məsələləri həll edəcək".
Eyyub Hüseynovun sözlərinə görə, əhali bilməlidir ki, bu leş ətləri hər yerdə onların qarşısına çıxa bilər: “Ən prestijli restoranda da ola bilər, şadlıq evində də, uşaq bağçalarında da. Çünki yoxlamalar aparılmır. Hələ ki, Qida Təhlükəsizliyi Agentliyi də bu istiqamətdə bu iş görmür. Məhz bu şübhənin nəticəsidir ki, bu gün insanlar qəssabxanalarda heyvanların gözünün önündə kəsildiyini görmədən ət almaq istəmir. Ona görə də paytaxt küçələri qəssabxanaya dönüb. İnsanların baytarlara inamları yoxdur. Onlar əmin olsalar ki, baytarlar əti normal qaydada yoxlayırlar, sonra marketlərə verirlər, gedib oradan alarlar. İnsanlar səhər saatlarında bazara girəndə görürlər ki, yüzlərlə cəmdəyin üstünə baytarlıq möhürü vurulub. Guya baytarlar səhərə kimi yatmayıb, bütün ətlərin ekspertizasını aparıblar. Yalançı ekspertizaları, yalançı möhürləri əhali bilir. Əgər baytarlar əhalinin inamını qazana bilsələr, o zaman insanlar əti küçədən yox gedib marketdən alarlar. Qida Təhlükəsizliyi Agentliyi əgər normal fəaliyyət göstərsə, bu problemləri də həll edəcək”.
Nərgiz LİFTİYEVA