Şəhidin xatirəsinə icazə verilmir – QANUNUN BƏNDLƏRİNDƏ DOLANDIRILAN ƏDALƏT
Cəmi 2 gün sonra Azərbaycan Zəfərin – xalqın birliyini və gücünü dünyaya göstərən qələbənin 5 illiyini qeyd edəcək.
DogruXeber.tv: - Beş il uzun zaman deyil, amma görünür ki, bu müddət bəzi səlahiyyət sahiblərinə tədbirlərdə qurduqları pafoslu cümlələrin əsl səbəbkarlarını – qaziləri, veteranları və şəhid ailələrini unutdurub.
Azərbaycan xalqı Qarabağ uğrunda iki böyük savaşdan keçdi. Hər kəsə məlumdur ki, bu haqq savaşımız 30 ildən çox davam etdi. Şükürlər olsun ki, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, qüdrətli ordumuzun gücü və xalqın birliyi sayəsində bu savaş qələbə ilə nəticələndi.
Amma bu qələbənin təməlində təkcə 2020-ci ilin qəhrəmanları yox, 1990-cı ildən 2020-ci ilə qədər torpaq uğrunda döyüşən hər bir Vətən oğlu dayanır. Onların hər biri – statusundan asılı olmayaraq – qəhrəmandır.
Onların adının əbədiləşdirilməsi yalnız bir hörmət deyil, tarixə və gələcək nəsillərə ötürülən borcdur. Kaş ki, bunu hər kəs belə dərk edəydi...
“İlhamın adını məktəbinə vermək istəyirəm”
Nizami rayon sakini və 251 nömrəli tam orta məktəbin müəllimi Cabbarova Zemfira Xeyrulla qızı “DoğruXeber.tv”yə müraciət edərək bildirir:
“Bacım oğlu Cabbarov İlham Yusif oğlunu mən böyütdüm, mən tərbiyə etdim. O böyüyəndə ali təhsilini yarımçıq qoyub könüllü cəbhəyə getdi. Uzun müddət qəhrəmancasına döyüşdü. Onun barəsində təriflər, təşəkkürnamələr alırdıq. Amma tale elə gətirdi ki, əsir düşdü və Şuşa həbsxanasında işgəncələrlə öldürüldü.
32 ildir ki, biz onun “dağı” ilə yaşayırıq. Heç olmasa adı əbədiləşsin, oxuduğu məktəbə verilsin və büstü qoyulsun istədik. Bunun üçün Nizami rayon İcra Hakimiyyətinə müraciət etdim. Oradan məni müxtəlif qurumlara yönləndirdilər. Hara dedilər, getdim. Nəhayət öz şəxsi vəsaitimlə İlhamın büstünü də hazırlatdım. Amma 3 ildir bizi süründürürlər, icazə vermirlər. Deyirlər ki, “İlham Milli Qəhrəman deyil, ona görə olmaz.”
Məgər qəhrəman olmayan şəhid var?!”
Cabbarov İlham Yusif oğlu 1993-cü ildə şəhid olub və dövlət tərəfindən şəhid statusu alıb. Lakin bu günə qədər ailəsi nə mənzillə təmin olunub, nə də şəhidin nəşi tapılaraq ölkəyə gətirilib.
Zemfira xanımın istəyi sadədir – bacısı oğlunun oxuduğu məktəbin onun adı ilə yaşaması və büstünün ziyarətgah kimi qoyulması.
Xanımın müraciəti əsasında biz də Nizami rayon icra hakimiyyətinə öz tərəfimizdən rəsmi sorğu göndərdik. Sorğunu göndərdikdən bir neçə gün sonra günün ikinci yarısında icra hakimiyyətinə zəng etdik, dəstəyi qaldıran olmadı. Ertəsi gün yenə günün ikinci yarısı məsul şəxslərin iş otaqlarına zəng etdik və yenə cavan ala bilmədik. Belə olan halda ümumi şöbəyə zəng etdik, dəstəyi götürən şəxs idarədə kimsənin olmadığını dedi. "İş vaxtı niyə kimsə yoxdur?" sualına isə gah "şəhid tədbirində", gah "Şəhidlər xiyabanında" cavabını verdilər. "Hansı şəhidlər xiyabanında?" sualımıza isə, dili topuq vura-vura, "fəxri xiyaban" cavabını aldıq...
Nə isə...
Belə çıxır ki, Nizami rayon icra hakimiyyəti Zəfəri qeyd etməyə oktyabr ayının 28-dən başlayıb. Amma zəfəri qazandırmaq üçün canını verən oğullar arasında ayrı-seçkilik salmağı da unutmur.
Əlqərəz...
Nəhayət icra hakimiyyətində bir məsul şəxslə əlaqə yarada və sorğumuza cavab ala bildik. Amma təəssüf ki, bizə verilən cavab da məzmunca Zemfira xanıma verilən cavabdan fərqli olmadı:
Cavab: Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 3.1-ci bəndində şəhid adının əbədiləşdirilməsi məqsədilə yerli icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərinin qoyulması nəzərdə tutulmuşdur. Eyni zamanda, həmin Qaydaların 3.1.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunan şəhidlərin adlarının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə verilməsi üçün müvafiq qurumlar qarşısında vəsatət qaldırır.
Qeyd olunanları nəzərə alaraq bildiririk ki, mövcud qanunvericilik çərçivəsində Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Cabbarov İlham Yusif oğlunun adının təhsil müəssisəsinə verilməsi mümkün olmamışdır.
Əgər bir gənc Vətən uğrunda canını veribsə, niyə onun adı yalnız “qəhrəman” statusuna görə əbədiləşdirilə bilər?
Bəs dövlətin tanıdığı şəhid statusu, ailənin 32 illik göz yaşları, “itkin” adı altında illərlə çəkilən ağrı-həsrət nəyə dəyir?
Bu suallar açıq qalır...
“DogruXeber.tv” olaraq mövzunu davam etdirəcəyik və Nizami rayon İcra Hakimiyyətinin qanunlara necə riayət etdiyini növbəti yazılarımızda faktlarla təqdim edəcəyik.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.