azia.az
azia.az

Günəş şüaları altında satılan sular insan orqanizmini zəhərləyir

13-05-2017, 17:52

Günəş şüaları altında satılan sular insan orqanizmini zəhərləyir


Ekspertlər: Günəş şüaları altında satılan sular insan orqanizmini zəhərləyir
Havaların isinməsi ərzaq məhsullarının saxlanmasına diqqətin daha da artması məsələsini gündəmə gətirir. Bu gün meyvə-tərəvəzin 30-35 dərəcə temperaturda günəş şüalarının altında satılması adi hala çevrilib. Təbii ki, yay aylarında tələbatın daha da çoxaldığı su xüsusilə narahatlıq yaradan problemlərdəndir. Çünki ölkənin bütün topdan və pərakəndə satış obyektlərinin qarşısında müxtəlif qablarda qablaşdırılımış suların alqı-satqısının həyata keçirildiyini görmək mümkündür.

Ekspertlər isə plastik qablarda satılan suyun insan üçün zərərli olduğunu hesab edirlər. Amma buna baxmayaraq, satıcılar bu məsələni qətiyyən düşünmürlər. Nəticədə müxtəlif plastik və şüşə qablardakı sular açıq havada, xüsusilə isti şəraitdə qaldıqdan sonra standartlara cavab verib-vermədiyini bilmədən istifadə olunur.

Oxu.Az xəbər verir ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı “Report”a bildirib ki, artıq sözügedən qurum bu işlərlə məşğul olmur:

“Çünki ölkədə sahibkarlıq müəssisələrinin yoxlanılması dayandırılıb. Ancaq dövlət başçısının fərmanı ilə yaradılan Qida Təhlükəsizliyi Agentliyi 2018-ci ildən bu kimi məsələlərə nəzarət edəcək”.

Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov deyib ki, bu sahədə yoxlamalar aparılmır:

“Ona görə də hansısa məlumat vermək mümkün deyil. Ərzaq məhsulunun satışı üçün sanitar-gigiyenik tələblərə uyğun şərait olmalıdır. Açıq günəş şüaları altında saxlanılan su insan sağlamlığına mənfi təsir göstərir. Günəş şüalarının təsirindən plastik qablardakı kimyəvi birləşmələrlə suyun tərkibi birləşə bilər. Bu vəziyyətə qarşı ictimaiyyət mübarizə aparmalı və günəş şüaları altında satılan suyu almamalıdır”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov vurğulayıb ki, sahibkarlıq subyektləri dövlətin yaratdığı toxunulmazlıq şəraitindən tam sui-istifadə edir və istehlakçı hüquqlarını pozurlar:

“Bu sahədəki problemlərin aradan qaldırılması istiqamətində Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətindən çox şey gözləyirik. Fikrimcə, xüsusilə plastik qablardakı suların günəş şüaları altında satılması təhlükəlidir. Çünki bu sular insanların sağlamlığında öz mənfi izlərini qoyur. Onların tərkibindəki kimyəvi maddələr yayda aktivləşərək sulara miqrasiya edir və insanları tədricən zəhərləyir. Bu cür sular ən azı otaq temperaturunda saxlanılmalıdır. Hətta körpə qidaları da 20 dərəcə temperaturdan aşağı saxlanmalıdır. Mağazalarda isti şəraitdə saxlanılan uşaq qidaları körpələri tədricən zəhərləyir”.

Qeyd edək ki, hazırda Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin qurulması istiqamətində iş aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi