Dövlət qurumu yenə eyni şəxdən ofis icarəyə götürdü - Bu dəfə 1 mln.dan çox ödəniləcək
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya elan etdiyi tendere yekun vurub.
Valyuta.Az xəbər verir ki, ofis icarə götürmək üçün qurumun elan etdiyi tenderin qalibi Qiyasov Alim Yusif oğlu olub.
Qurumla adıçəkilən şəxs arasında 1.168.968 manatlıq müqavilə imzalanıb.
Qeyd edək ki, qurum 2 illik 2691 kvadrat-metrlik ofis icarə götürəcək, yəni, 1 ay üçün həmin şəxsə 48 707 AZN ödəyəcək.
Xatırladaq ki, bundan öncə də Qiyasov Alim Yusif oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən qurumların elan etdiyi tenderlərin qalibi olub.
Məsələn, 16 yanvar 2023-cü il tarixinda Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Alim Qiyasovla 347.814 manatlıq müqavilə bağlayıb. Müqavilə, 1 illik müddətinə bağlanıb.
Daha sonra 6 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Alim Qiyasovla 6 aylıq müqavilə bağlayaraq 169.428,6 manat ödəyib.
29 dekabr 2023-cü ildə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya yenidən Alim Qiyasovla müqavilə imzalayıb. Qurum 12 aylıq ofis icarəsi üçün adıçəkilən şəxsə 584.485,2 manat ödəyib.

Alim Qiyasovun adı yerli mediada iş adamı kimi keçir. Bakı şəhəri, Zərgərpalan küçəsi, ev 66 ünvanında yerləşən “Grand Hotel” mehmanxanasının da Alim Qiyasova məxsus olduğu bildirilir. Onunla bağlı açıq mənbələrdə bundan başqa hər hansı məlumata rast gəlinmir.
Qeyd edək ki, icarə ilə bağlı ən çox tender keçirən dövlət qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Araşdırmalarımız zamanı məlum oldu ki, nazirliyin qurumları ofis icarələrinə toplamda 30 milyon manatdan çox xərcləyib.
Rəhim