azia.az
azia.az

Babəkə bu kənddə xəyanət edilib - Azərbaycanlıların deportasiya olunduğu Şəkinin SİRLİ TARİXİ

Bu gün, 09:29

Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın Sünik vilayətinin Sisian rayonunda yerləşən Şəki kəndində tutulub. Ermənilərin hazırda "Şaki" adlandırdıqları bu kənd tarixən azərbaycanlıların yaşayış məskəni olub. Həmin ərazidə məskunlaşmış, uşaqlığını orda keçirmiş Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, Qarakilsə rayonu, Şəki Kənd İcmasının sədri Azadə Novruzova Modern.az-a tarixi türk yurdu barədə danışıb.

“Mən 1988-ci ilə qədər Qarakilsə rayonunun Şəki kəndində yaşamışam, orada doğulmuşam. Mənim bütün şəcərəm – ata və ana tərəfimdən hamısı Şəki kəndində doğulub.
Şəkinin qədim dövr tarixindən bəhs etsək görərik ki, həmin ərazidə ermənilər mövcud olmayıblar. Onların oranın qədim sakinlləri olmasına dair heç bir tarixi fakt, hansısa bir dəlil, sübutlar da yoxdur.
Sonrakı dövrdə, yəni Çar Rusiyasının yürütdüyü siyasət nəticəsində Qərbi Azərbaycanda Ermənistan adlı bir dövlətinin yaradılması məqsədilə ermənilər tədricən bölgəmizə köçürülüblər. Şəki kəndi də həmin bölgənin çox qədim tarixi olan bir kəndidir. Şəki kəndinin xüsusi təbiət gözəllikləri var. Zaqafqaziyanın məşhur Şəki şəlaləsi də həmin ərazidə yerləşir. Tarixi mənbələrdə də məlumatlar var ki, Şəki kəndi qədim yaşayış məskəni olub. Şəki kəndinin yaxınlığında Qoşundaş adlı qədim yaşayış məskəni var ki, onun tarixi eramızdan əvvəl II minilliyə təsadüf edir”.


Azadə Novruzova qeyd edir ki, həmin ərazidə qədim Şəki qalası da olub.

“Biz yaşadığımız dövrdə həmin qalanın qalıqları belə məhv edilmişdi. Ancaq bir çox tarixi mənbələrdə Şəki qalasının tarixindən bəhs olunur. Hətta dahi şairimiz Nizami Gəncəvinin şah Qızıl Arslanla görüşünün də məhz həmin qalada olduğu mənbələrdə qeyd edilir. Eyni zamanda, tarixi mənbələrdə sərkərdə Babək 837-ci ildə Xilafət qoşunlarından müdafiə olunmaq üçün Şəki qalasında yerləşmişdi. Lakin Səhl ibn Sumbat Babəkə xəyanət edərək onu aldatmış, ov bəhanəsi ilə qaladan çıxararaq Abbasilərin sərkərdəsi Afşinə təhvil vermişdir.

Örəncə adlanan daha bir qədim yaşayış ərazisi də var ki, həmin yerdə əkin-biçin vaxtı insan məskənlərinin mövcud olduğunun izləri vardı. Hər hansı bir qazıntı zamanı müxtəlif qədim məişət əşyaları aşkarlanırdı. Darvazadöşü adlanan bir ərazimiz də vardı ki, taxça-taxça evlər bir-birinə bitişik şəkildə düzülmüşdü. Oranın da çox qədim tarixi vardı”.

Azadə Novruzova Şəki kəndində azərbaycanlılara məxsus qəbirstanlığın ermənilər tərəfindən dağıdılması barədə də danışıb.

“Şəki kəndində çox qədim tarixi olan iki böyük qəbirstanlıq var idi. Bu qəbirstanlıqlar Şəki kəndindən rayon mərkəzinə gedən yolun sağında və solunda yerləşirdi. Yolun altındakı qəbirstanlığa "Köhnə qəbirstanlıq", yolun üstündəkinə isə "Təzə qəbirstanlıq" deyirdilər. Mənim Vəfa adlı ortancıl bacım da həmin köhnə qəbirstanlıqda dəfn olunmuşdu. Qədim məzar daşlarının üzərində qoç şəkilləri, köhnə yazılar var idi. 


Seyid Mir Ağanın dəfni 1968-ci il, 8 fevral

Təzə qəbirstanlıqda isə hərbi xidmətdə rəhmətə gedən İsgəndər əmim, Gülxətmi nənəm, Ərrəhman və İbadulla babam dəfn olunmuşdu. Kəndimizin hörmətli ağsaqqalı Seyid Mir Ağa və minlərlə şəkili həmin qəbirstanlıqda dəfn edilmişdi. Babam İbadullanın, Seyid Mir Ağanın, Əfqanıstanda hərbi xidmət edərkən həlak olan Hidayət Çərkəz oğlu Bayramovun dəfn mərasimindən çəkilən fotolar var ki, bu faktları ermənilər təkzib edə bilməzlər.

Ancaq bu gün erməni vandalları həmin qəbirstanlıqların hər ikisini dağıdıblar. Həmin məzarlıqlar yer üzündən silinib. Bu yaxınlarda sosial şəbəkələrdə kəndimizin qəbirstanlığından görüntülər yayılmışdı. Və söylədiyim vandallıqların bir daha şahidi olduq.


Ermənilər bizim Şəki kəndində, qədim türk yurdunda Türkmənçay müqaviləsindən sonra peyda olublar. Yaşlılarımız danışır ki, həmin ermənilər ruslardan çox şikayətlənirdilər ki, onları ora niyə gətiriblər, heç biz özləri də bilmirlər. Belə deyirmişlər ki, "bizi aldatdılar ki, sizə orada Rusiya İmperiyası tərəfindən çox yaxşı şərait yaradılacaq". Suriya, İran və Türkiyədən məcburi gətirilən ermənilər Şəki kəndində məskunlaşdırılıblar.

Ermənilər Şəkidə özlərini həmişə qonaq kimi his ediblər. Hətta onlar son dövrlərə qədər belə öz ölülərini Şəkidə dəfn etmirdilər. Ölülərini aparıb qonşu Əngələvid kəndində dəfn edirdilər. Elə o kəndi də məqsədli olaraq sırf erməniləşdirmişdilər. Münaqişə vaxtları həmişə kəndimizə ilk həmləni Əngələviddən edirdilər. Daşnaklar orda toplaşırdı.

Sonradan bir erməni qəbirstanlığı saldılar. Orda da dəfn olunanların doğum və ölüm tarixləri son dövrləri yəni 1900-dən bərini əhatə edir.

Ermənilərlə qonşuluğumuz həmişə səksəkəli olub. İstər 1905, 1907, 1918-20, 1948-53, səssiz deportasiya dövrü olan 60-cı illərdə, istərsə də sonuncu 1988-1991-ci illərdə həmişə Şəki kəndinin sakinləri ermənilər tərəfindən törədilən dəhşətli hadisələrlə üzləşiblər. Bizim kənddən bu günə kimi taleləri barədə hələ də heç bir məlumatımız olmayan deportasiya, etnik təmizləmə və soyqırımı qurbanlarımız var”.


Hidayət Çərkəz oğlu Bayramovun dəfni...


İbadulla Beydulla oğlu Səfərovun dəfni, 1979-cu il, 8 mart.



Lamiyə Cənnətzadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi