Pezeşkianın Azərbaycanla bağlı çıxışları yeni imkanlar yaradıb
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanla bağlı son çıxışları diqqət çəkir. O, Azərbaycanı ölkəsinin qonşuluq siyasətində xüsusi yerə malik dövlət kimi qiymətləndirib və Bakı-Tehran münasibətlərinin müxtəlif sahələrdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Pezeşkianın Azərbaycanla bağlı münasibətlərinin iki ölkə arasındakı əməkdaşlığa hansı sahələrdə yeni addımların atılmasına gətirib çıxaracağı maraq doğurur.
Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası İşçi Qrupunun üzvü Hikmət Babaoğlu bildirib ki, iki ölkə arasında mövcud potensial hələ tam reallaşdırılmayıb:
“İran-Azərbaycan münasibətlərinin çox böyük inkişaf perspektivləri və potensialı var. Çox təəssüf ki, biz hələ də bu potensialı tam reallaşdıra bilmirik. Ancaq cənab Pezeşkianın hakimiyyətə gəlməsi İran-Azərbaycan münasibətlərində yeni tarixi mərhələ yaradıb və bu potensialın real əməkdaşlığa çevrilməsi üçün siyasi iradə formalaşdırıb".
Deputat deyib ki, iki ölkə arasında kənd təsərrüfatı və aqrar sektordan başlayaraq enerji, neft emalı, dənizçilik, nəqliyyat və kommunikasiya, qida və əczaçılıq sənayesinə qədər geniş sahələrdə əməkdaşlıq imkanları mövcuddur:
"İran sabit və bərabərhüquqlu tərəfdaşlıq məntiqindən çıxış edərsə, bütün bu istiqamətlərdə əməkdaşlığı həyata keçirmək mümkündür. Azərbaycan da buna hazırdır. Üstəlik, hazırda müxtəlif istiqamətlərdən kommunikasiyaları məhdudlaşmış İran üçün ölkənin şimal istiqamətində yeni nəqliyyat imkanları yaranmaqda davam edir. Bu, İranın yükdaşıma ehtiyaclarının ödənilməsi baxımından da mühüm məsələdir və düşünürəm ki, İran-Azərbaycan tərəfdaşlığının ayrıca istiqamətinə çevrilə bilər”.
Deputat qeyd edib ki, İran prezidentinin Azərbaycanla münasibətlərə dair mövqeyi və son dövrlərdə səsləndirdiyi fikirlər iki ölkə arasında praktiki əməkdaşlıq üçün yeni imkanlar yaradır:
“Pezeşkianın mövqeyi, atdığı addımlar və mütəmadi olaraq İran-Azərbaycan münasibətləri ilə bağlı obyektiv, rasional fikirlər səsləndirməsi göstərir ki, son dövrlərdə real əməkdaşlıq üçün müəyyən əsaslar yaranıb. Əgər bu potensial reallaşarsa, hər iki ölkənin xalqlarının rifahı üçün yeni imkanlar yaranar, sərhədyanı ticarətin bərpası üçün şərait genişlənər. Nəticədə hər iki qonşu dövlət öz milli gücünü daha da artırmış olar”.