"Mən Putinə qarşıyam" yazılı köynəyə görə saxlanıldı - Absurd hadisələr
Rusiya vətəndaşı Aleksey Sokirko özünün sosial şəbəkələrində maraqlı status paylaşıb.
KONKRET.az həmin statusu təqdim edir:
“Bu gün Moskvada küçəyə üstündə “Mən Putinə qarşıyam” yazılmış köynəklə çıxdım. Düşünürdüm ki, bunda qorxulu heç nə yoxdur. İnsanlar gülümsəyirdi. Amma çox keçmədi ki, polis məni saxladı.
Saxlanma səbəbi kimi “təbliğat” göstərildi.
Nəyin təbliğatı olduğunu isə demədilər. Nə qədər soruşsam da, cavab vermədilər.
Məni polis şöbəsinə apardılar və sorğu-sual etdilər. Söhbət zamanı saxlanılmağımın səbəbini anlamağa çalışırdım. Putinə münasibətimin mənfi olduğunu izah etdim. Amma söhbəti bir qədər yumşaltmaq üçün mövzunu tarixə gətirdim. Dedim ki, Leninə və Stalinə də münasibətim yaxşı deyil.
Sonra kompromis axtararaq soruşdum:
— Bəs “Mən Stalinə qarşıyam” yazılmış köynəklə gəzmək olar?
Polis əməkdaşları yəqin ki, mənim normal olmadığıma qərar verdilər və psixiatriya xəstəxanasından sanitar briqadası çağırdılar. Zarafat etmirəm.
Boyu balaca polislərin yanında gələn briqada kifayət qədər möhtəşəm görünürdü – saqqallı, iri cüssəli adamlar.
Həkim Marinaya zəng etdi. Marina bildirdi ki, ailəmizdə heç bir problem yoxdur və onun fikrincə, mən psixi cəhətdən tam sağlamam.
Həkim də həyat yoldaşımla razılaşdı. Üstəlik, mənimlə də razılaşdı ki, Lenin olduqca xoşagəlməz şəxsiyyət olub.
Beləliklə, məni xəstəxanaya yerləşdirmək üçün əsas tapa bilməyən briqada çıxıb getdi.
Sonra əsəbi bir Rosqvardiya əməkdaşı gəldi. Nəsə tələb edir, məni çəkir və qışqırırdı. Nə istədiyi, ümumiyyətlə, aydın deyildi.
Düşündüm ki, sanitarların tez getməsi təəssüf oldu. Görünür, onların köməyinə daha çox bu Rosqvardiya əməkdaşının ehtiyacı varmış.
Bir qədər sonra cinayət axtarışı əməkdaşları gəldi. O, ilk cümlədən məni bir il müddətinə həbsə göndərməyə hazırlaşırdı.
Mən bacardığım qədər onunla sakit danışmağa çalışdım. Lakin bir məqamda əməkdaş mənə “sən” deyə müraciət etməyə və söyüş söyməyə başladı. Məni “Navalnı tərəfdarı” və “xalq düşməni” adlandırdı.
Qışqırırdı ki, Putinin dövründə həyat hər il daha da yaxşılaşır, yuxarıda oturanlar isə nə etmək lazım olduğunu bizdən daha yaxşı bilirlər.
Amma görünür, öz təbliğatından özü də yoruldu. Əməkdaş məndən telefonumun kilidini açmağı tələb etdi. Mən imtina etdim. Bir qədər də qışqırdıqdan sonra çıxıb getdi.
Bir neçə saat sonra mənə İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsi – razılaşdırılmamış piket keçirilməsi ilə bağlı protokol tərtib etdilər. Gözlənildiyi kimi, protokolda hadisələrin hamısını öz bildikləri kimi yazmışdılar. Məhkəmə bir həftə sonra keçiriləcək.
Daha sonra köynəyi çıxarmağımı tələb etdilər. Dedilər ki, köynək iş üzrə maddi sübutdur. Çıxardım. Çünki yanımda ehtiyat köynək də vardı. Ehtiyat köynəyin üzərində isə sülh simvolu – pasifist işarəsi çəkilmişdi. Beş əməkdaşın hamısı bir-birinə sual dolu baxışlarla baxmağa başladı.
Nəhayət, cinayət axtarışı əməkdaşı ilk özünə gəldi və qışqırdı:
— Sən demə, hippisən! Mən bunu necə başa düşməmişəm?! Onda belə gəz. Bu köynəklə olar.
Rəhbər isə ona inanmadı. “E” mərkəzinə zəng etmək üçün kənara çəkildi. Oradan “hippi geyiminə” icazə verildi. Məni küçəyə buraxarkən rəis bir şeyi də əlavə etdi:
— “Mən Stalinə qarşıyam” yazısı da qadağandır. Axı o, müharibəni udub!
Beləliklə, Moskva küçələrində bir köynəyin üzərində yazılan sözün hansı siyasi rejim üçün nə qədər təhlükəli ola biləcəyini bir daha öyrəndim.
Putinə qarşı olmaq – “təbliğat”, Stalinə qarşı olmaq – “qadağan”, pasifist olmaq isə… hələlik icazəlidir.
Hazırladı: Rəsmiyyə Şərifova,