Qız bilib danışdığı şəxs keçmiş arvadının qardaşı çıxdı
Xırdalan şəhərində 26 yaşlı oğlan bacısının keçmiş ərinə xəsarət yetirməkdə ittiham olunub.
Xəbər verilir ki, Goranboy rayon sakini, 2000-ci il təvəllüdlü Cəlal bacısının keçmiş əri Vəfadarın (adlar şərtidir – red.) bacısından ayrılmasına aydınlıq gətirmək məqsədi ilə onun “Tik-tok” sosial şəbəkədəki səhifəsinə qız adı ilə yazıb, onunla əlaqə saxlayıb.
İstintaq sənədlərinə görə, Cəlal sosial şəbəkə üzərindən qız adı ilə Vəfadarın kirayədə yaşadığı Xırdalan şəhərindəki mənzilə dəvət edib. Vəfadar gecə saatlarında gələrək mənzilə daxil olan kimi bacısından boşanmasının səbəbini soruşub və üzərinə hücum edərək şəxsi münasibətlər zəminində əlindəki dəmir parçası ilə onun sol qolundan, əli və ayağı ilə bədəninin müxtəlif nahiyələrinə vurub.
Daha sonra Cəlal mənzildə stolun üzərindən götürdüyü bıçaqla Vəfadarın üzərinə gedib. Bu zaman Vəfadar bıçağın tiyəsindən tutaraq dəstəyi arxaya doğru çəkib və əlinin içindən xəsarət alıb.
Cəlalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Cəlal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Vəfadar yeznəsi olub:
“Vəfadar mənim bacım Günay ilə 2020-ci ildə ailə həyatı qurub, lakin sonradan bir il olar ki, ayrılıb. Həmin müddətdən sonra Vəfadarla dəfələrlə əlaqə saxlayaraq görüşmək istəmişəm ki, məsələyə aydınlıq gətirim. O, mənə bacım ilə münasibətlərinin düzgün gəlmədiyini və bu səbəbdən də ayrıldığını bildirsə də, mənimlə görüşdən yayındı. Belə olduqda qərara gəldim ki, onunla “Tik-tok” sosial şəbəkədə qız adı ilə danışım və görüşə çağırım”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, məlum hadisədən əvvəl Vəfadarla “Tik-tok” sosial şəbəkədə yazışıb və onu kirayədə yaşadığı evə dəvət edib:
“Gecə təxminən saat 24 radələrində Vəfadar mənim kirayədə yaşadığım ünvana gəldi və evdə məni gördükdə başa düşdü ki, onunla görüşmək üçün telefonda onu aldatmışam. Evdə tək olmuşam və evdə ikilikdə mübahisələrimiz düşdü. Vəfadara bacımdan ayrılmasının səbəbini soruşdum. Amma mənə konkret bir fikir bildirmədi və müxtəlif bəhanələr gətirməyə başladı. Bu səbəbdən də aramızda mübahisə baş verdi. Vəfadarın mənimlə kobud davrandığını görərək tutaşdım. Həmin vaxtı evdə stolun üstündə bıçaq olub və həmin bıçağı götürərək onu hədələdim ki, məndən qorxsun. Həmin vaxt Vəfadar sağ əli ilə bıçağın tiyəsindən tutanda da onu hədələməkdə davam etdim. Vəfadar bıçağın tiyəsini əyərək sındırmaq istədi. Mən isə bıçağı arxaya doğru çəkdim. Bu anda bıçağın tiyəsi onun sağ əlinin barmaqlarını kəsdi və eyni anda da tiyəsi sındı”.
Təqsirləndirilən şəxs bildirib ki, daha sonra Vəfadar onu hədələyərək polisə şikayət edəcəyini bildirib və mənzili tərk edərək gedib. Onun ifadəsinə görə, sonradan Vəfadarın onun barəsində polisə şikayət etməsi barədə məlumat alıb:
“Vəfadarla aramızda mübahisə yarandıqda yalnız evdə tutaşmışıq və əlbəyaxa olmuşuq. Həmin vaxtı əlimdə dəmir parçası olmayıb və onun qolundan dəmir parçası ilə vurmamışam. Yalnız qorxutmaq üçün bıçaqla hədələmişəm”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, dəfələrlə zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də, buna nail ola bilmədiyini bildirib.
İş üzrə zərərçəkmiş Vəfadar bildirib ki, Cəlalı 2020-ci ildən etibarən tanıyır:
“Mən Cəlalın bacısı Günay ilə 2020-ci ildə ailə həyatı qurmuşam. Lakin son bir il olar ki, ondan ayrılmışam. 2026-cı ilin aprel ayının əvvəllərində Cəlal mənim “Tik-tok” sosial şəbəkədə olan səhifəmə qız adı ilə mesajlar yazdı, mənim isə bundan xəbərim olmadı. O, mənə qız adı ilə mesaj yazaraq görüşmək istədiyini bildirdi. Mən də onun təklifi ilə razılaşdım və məni evə dəvət etdi. Mən də həmin ünvana getdim. Evə daxil olduqda orada Cəlal ilə rastlaşdım və orada məlum oldu ki, mənimlə qız adı ilə danışıb, aldadaraq görüşmək istəyib. Evə daxil olduqda Cəlal üstümə hücum etdi və məni nalayiq söyüşlərlə söyüb təhqir etdi. Onun əlində dəmir boru olub və həmin boru ilə qolumdan vurdu. Sonra isə şillə, yumruq və təpiklə bədənimin müxtəlif nahiyələrinə vuraraq mənə xəsarətlər yetirdi”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra Cəlal bıçağı götürüb və onun üstünə gəlib:
“Mən bıçağın tiyəsindən tutdum və bıçağı əlindən almağa cəhd etdim. Həmin vaxtı Cəlal bıçağı arxaya çəkdikdə bıçağın tiyəsi sağ əlimin barmaqlarını kəsdi və həmin anda da bıçağın tiyəsi əlimdə sındı.
Həmin vaxtı Cəlalın üstünə qışqırdım. Mübahisələrimiz zamanı Cəlal ondan şikayət etməməyim üçün məni sözlə hədələdi.
Buna baxmayaraq, evdən çıxdıqdan sonra hadisə ilə bağlı polisə ərizə ilə müraciət etdim”.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cəlal 7 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşayış yeri olan Goranboy rayonunun hüdudlarından kənara çıxması, həmçinin hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Goranboy rayonunun kəndində yerləşən evini tərk etməsi qadağan olunub.
Bundan başqa, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulub.
Həmçinin ona məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq tapşırılıb. Bu hallar cəzaçəkmə müddəti ərzində onun müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olunub.\\demokrat.az