Ağcaqanadlar niyə bu insanları HƏDƏF SEÇİR?
Ağcaqanadların bəzi insanlara digərlərinə nisbətən daha çox yönəlməsi təsadüfi deyil. Aparılan elmi araşdırmalar bu həşəratların insanları seçərkən bir sıra bioloji və kimyəvi amillərə əsaslandığını göstərir.
Alimlər bildirir ki, ağcaqanadlar onlarla metr uzaqlıqdan belə insanın nəfəsindəki karbon qazını hiss edə bilir. Hədəfə yaxınlaşdıqca isə bədən qoxusu, dərinin temperaturu və rütubət kimi faktorlar daha da önəm qazanır.
Araşdırmalar göstərir ki, ağcaqanadların insanlara yönəlməsi qan qrupu, göz və ya saç rəngi ilə əlaqəli deyil. Əsas fərqləndirici amil isə insan dərisində yaranan kimyəvi birləşmələrdir.
Xüsusilə "1-okten-3-ol” adlı maddənin miqdarının yüksək olduğu insanlarda ağcaqanadların daha çox cəlb olunduğu müəyyən edilib. Bu birləşmə dəridəki yağların parçalanması nəticəsində əmələ gəlir və hətta kiçik dəyişikliklər belə cəlbediciliyi artıra bilir.
Mütəxəssislər ağcaqanad sancmalarından qorunmaq üçün bədəni örtən geyimlərdən istifadə etməyi, ağcaqanad torları və qoruyucu vasitələrdən yararlanmağı, həmçinin alkoqollu içkilərdən uzaq durmağı tövsiyə edirlər.