Ombudsmanın müstəqil monitorinq qrupu BMT Konvensiyasının 20 illiyinə həsr olunmuş maarifləndirici broşür hazırlayıb
Ombudsmanın müstəqil monitorinq qrupu BMT Konvensiyasının 20 illiyinə həsr olunmuş maarifləndirici broşür hazırlayıb
Bu il Birləşmiş Millətlər Təşkilatının (BMT) əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində əsas beynəlxalq hüquqi sənədi olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin 20 illiyi qeyd olunur.
Ombudsman ölkəmizdə həmin Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi kimi fəaliyyət göstərir. Bu mandat çərçivəsində Ombudsmanın müstəqil monitorinq qrupu tərəfindən Konvensiyanın 20 illiyinə həsr olunmuş “20 il – 20 fakt” adlı maarifləndirici broşür hazırlanıb.
Broşürdə Konvensiyanın qəbul edilməsinin məqsədi, əlilliyi olan şəxslərin əsas hüquq və azadlıqları, BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları üzrə Komitəsinin mandatı, Azərbaycanın Konvensiyaya qoşulmasından sonra bu istiqamətdə həyata keçirilən hüquqi və institusional islahatlar, inklüzivliyin, müyəssərliyin və müstəqil həyat tərzinin təşviqi, habelə Ombudsmanın müstəqil monitorinq mexanizmi çərçivəsində həyata keçirdiyi fəaliyyət və irəli sürdüyü təşəbbüslər barədə məlumatlar təqdim olunub.
Nəşr əlilliyi olan şəxslər, onları təmsil edən vətəndaş cəmiyyəti institutları, dövlət orqanları, mütəxəssislər, tədqiqatçılar və tələbələr üçün faydalı məlumat mənbəyi olmaqla yanaşı, cəmiyyətdə bu sahədə maarifləndirmənin gücləndirilməsinə və əlilliyin insan hüquqlarına əsaslanan modelinin təşviqinə xidmət edir.
Azərbaycan və ingilis dillərində hazırlanmış broşürün mətni görmə qabiliyyəti məhdud şəxslərüçün müyəssər olması məqsədilə QR kod vasitəsilə dinlənilə bilən səsli formatda da təqdim edilib.