Ali Məhkəmə həmkarını "sənəd oğrusu" adlandıran mediatorla bağlı qərar verdi
Ali Məhkəmədə Yevlax 1 saylı Mediasiya Təşkilatının direktoru Nigar Hüseynzadə barəsində çıxarılmış qərardan verilən kassasiya şikayətinə baxılıb.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şikayət təmin olunub. Əməldə cinayət tərkibi olmadığına görə Cinayət Məcəlləsinin 147.1-ci maddəsi (böhtan) ilə aparılan icraata xitam verilib.
Xatırladaq ki, Ağdam Rayon Məhkəməsinin qərarı ilə N. Hüseynzadə 1000 manat məbləğində cərimə edilib.
Məlumata görə, Bakı 13 saylı Mediasiya Təşkilatının direktoru İlham Mehtiyev Nigar Hüseynzadəyə qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. O, həmkarını şərəf və ləyaqətini alçaltmaqda, eləcə də işgüzar nüfuzuna xələl gətirən ifadələr işlətməkdə ittiham edib.
İş materiallarına əsasən, tərəflər arasında mübahisə mediasiya təşkilatlarının rəhbərlərinin daxil olduğu "WhatsApp" qrupunda baş verib. Nigar Hüseynzadə bildirib ki, 2025-ci ilin yanvar ayında Y.A. adlı şəxs ona müraciət edərək, özü və həyat yoldaşı Yevlax rayonunda qeydiyyatda olduqları halda, mediasiya sənədinin Bakıdakı mediasiya təşkilatından göndərildiyini deyib və bununla bağlı narazılığını ifadə edib. İlham Mehtiyevin rəhbərlik etdiyi Bakı 13 saylı Mediasiya Təşkilatının mediatoruna Yevlax rayonuna aid işi icraata qəbul etdiyinə görə intizam tənbehi - töhmət verilib. Bundan sonra Nigar Hüseynzadənin "WhatsApp" qrupunda İlham Mehtiyev barəsində "sənəd oğrusu" və "saxta arayış verən" ifadələrindən istifadə etdiyi bildirilir. Məhz bu paylaşımlar sonradan xüsusi ittiham qaydasında məhkəmə çəkişməsinə səbəb olub.
Humay Eminqızı