Dondurma alarkən diqqətli olun: Zəhərlənə bilərsiniz
Yay aylarında ən çox alınan qida məhsullarından biri də dondurmadır.
Xüsusilə isti günlərdə uşaqların və böyüklərin ən çox seçdiyi qida məhsullarından olan dondurma demək olar ki, hər marketdə və satış məntəqəsində geniş çeşiddə təqdim olunur.
Lakin məhsul bolluğu ilə yanaşı, onun tərkibi, keyfiyyəti və saxlanma şəraiti ilə bağlı suallar da gündəmə gəlir.
Dondurma alarkən nələrə diqqət etmək lazımdır və istehlakçılar özlərini mümkün risklərdən necə qoruya bilərlər?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında qida üzrə məsləhətçi Lamiyə Əzimova bildirib ki, dondurma yay aylarında demək olar ki, hər yaşdan olan insanların ən çox seçdiyi qida məhsullarından biridir:
"Dondurma seçərkən ilk növbədə məhsulun saxlanma şəraitinə diqqət yetirilməlidir. Dondurma -18°C və ya daha aşağı temperaturda saxlanmalıdır.
Soyuducunun işləməməsi və ya məhsulun dəfələrlə əridilib yenidən dondurulması onun keyfiyyətini aşağı salır, həm dad və quruluşunu dəyişdirir, həm də sağlamlıq üçün risk yarada bilər.
Buna görə də məhsulun saxlandığı soyuducunun normal işləməsinə və dondurmanın tam donmuş vəziyyətdə olmasına diqqət yetirmək vacibdir. İstehlakçılar mütləq məhsulun son istifadə tarixinə, istehsalçısına, tərkib hissələrinə və qablaşdırmanın bütövlüyünə baxmalıdırlar.
Qablaşdırması cırılmış, deformasiyaya uğramış, üzərində buz kristalları əmələ gəlmiş, yapışqan görünən və ya formasını itirmiş dondurmaları almaq məsləhət görülmür.
Bu əlamətlər məhsulun temperatur rejiminin pozulduğunu, əridikdən sonra yenidən dondurulduğunu göstərə bilər. Belə məhsulların istehlakı qida zəhərlənməsi riskini artıra bilər".
Onun sözlərinə görə, tərkibində bitki yağları, süni rəngləndiricilər, dadvericilər və həddindən artıq şəkər olan məhsulların tez-tez istehlakı, xüsusilə uşaqlar üçün arzuolunan deyil:
"Valideynlər uşaqlar üçün dondurma seçərkən tərkibində süd və ya qaymaq olan, keyfiyyətli xammaldan hazırlanmış, qatqı maddələri nisbətən az olan məhsullara üstünlük verməlidirlər.
Eyni zamanda porsiya miqdarına da diqqət edilməli, dondurma gündəlik deyil, ölçülü şəkildə istehlak olunmalıdır. Dondurma alındıqdan sonra mümkün qədər qısa müddətdə dondurucuya yerləşdirilməlidir.
Xüsusilə yay aylarında məhsulun uzun müddət açıq havada və ya avtomobildə saxlanılması mikrobioloji riskləri artırır. Əridilmiş dondurmanı yenidən donduraraq istifadə etmək qətiyyən tövsiyə edilmir. Çünki bu zaman bakteriyaların çoxalma ehtimalı yüksəlir və məhsul sağlamlıq üçün təhlükəli ola bilər".
Ekspert qeyd edib ki, risklərdən qorunmaq üçün istehlakçılar dondurmanı yalnız etibarlı satış məntəqələrindən almalı, küçədə və ya uyğun soyuducu şəraiti olmayan yerlərdə satılan məhsullardan uzaq durmalıdırlar:
"Alış zamanı məhsulun etiketində istehsalçı, istehsal və son istifadə tarixi, saxlanma temperaturu kimi məlumatların göstərilib-göstərilmədiyini yoxlamaq da vacibdir.
Məhsulun dadında, qoxusunda, rəngində və ya görünüşündə hər hansı dəyişiklik hiss edilərsə, onu istehlak etmək olmaz. Bu sadə qaydalara əməl etməklə qida zəhərlənməsi və digər sağlamlıq risklərinin qarşısını almaq mümkündür".
Gülər Həsənli