Ekspert: “Sürətin artırılmasına, qaydaların pozulmasına görə cərimələr artırılıb, bunu tamamlamaq lazımdır”
“Sürətin artırılmasına, qaydaların pozulmasına görə cərimələr artırılıb, amma düşünürəm ki, bunu tamamlamaq lazımdır. Sürətli sürməmək üçün dünyanın aparıcı dövlətlərinin tətbiq etdiyi yanaşmalar Azərbaycanda da tətbiq edilməlidir”.
Bu sözləri Pravda.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib.
O bildirib ki, yol hərəkəti təhlükəsizliyində sürət önəmli yerə sahibdir: “Sürətli sürməmək üçün müəyyən həllər tətbiq edilir. Məhəccərlərlə bağlı magistral yollarda artıq bir neçə ildir, beton səthlər, nyucersilər qoyulur. Şəhərətrafı və şəhərdaxili yollarda məhəccərlər var və sürücülərin sürət rejiminə əməl etməsi vacibdir. Həmçinin də trafiki sakitləşdirən elementlər artırılmalıdır ki, sürücülər istəsə belə, müəyyən hissələrdə sürətli sürə bilməsinlər. Şəhərdaxilində bu birmənalı şəkildə tətbiq olunmalıdır. Çünki sürətli sürülən zaman baş verən qəzaların nəticələri çox ağır olur, ölümlə nəticələnir. Ciddi təhlillər aparılmalıdır. Bəzi kadrlara baxılanda qəzanın hansı sürətlə baş verməsi çox önəmlidir. Yekun nəticənin formalaşmasına zəmin yaradan səbəb sürətdir”.
Ekspertin sözlərinə görə, xüsusilə yaşayış məntəqələrində sürətə diqqət edilməlidir: “İnsanların sıx yaşadığı yerlərdə vətəndaş ehtiyacı üzrə yol çıxa bilər, yolun bir tərəfindən digər yerlərinə keçə bilər, bu səbəbdən fərqli situasiyalarda qoyulan sürət limitindən daha yüksək hədlə sürmənin nəticəsi ağır ola bilər. Bu mənada düşünürəm ki, yol hərəkəti təhlükəsizliyində dünyanın aparıcı yanaşması olan “Vision Zero” (Ölüm hallarına 0 dözümlülük) siyasətinə uyğun olaraq hansı həllər tətbiq olunursa, onların geniş tətbiqinə ehtiyac var. Bakıda hələki nöqtəvidir, bunu sistemli hala gətirmək lazımdır”.
Şəhanə Qədirli