Ombudsman Səbinə Əliyeva müharibədə itkin düşənlərlə bağlı paylaşım edib
Ombudsman Səbinə Əliyeva şəxsi Facebook hesabında paylaşım edib.
Paylaşımda deyilir:
İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması hər bir ailənin həqiqəti bilmək hüququna hörmətin, insan ləyaqətinin müdafiəsinin və humanitar dəyərlərə sadiqliyin ən ali ifadələrindən biridir.
Münaqişələr başa çatsa da, yaxınlarının taleyindən xəbər gözləyən ailələrin ağrısı illərdir ki davam edir. Onların hər biri doğmalarının aqibətini öyrənmək, əzizlərini layiqincə dəfn etmək və uzun sürən qeyri-müəyyənliyə son qoymaq hüququna malikdir. Bu hüququn təmin olunması beynəlxalq humanitar hüququn əsas prinsiplərindəndir.
Sevindirici haldır ki, Azərbaycanın bu sahədə formalaşdırdığı yüksək peşəkarlıq və müasir genetik identifikasiya imkanları artıq beynəlxalq səviyyədə də etimad qazanır. Ukraynaya itkin düşmüş şəxslərin axtarışı istiqamətində metodiki dəstəyin göstərilməsi ölkəmizin humanitar həmrəyliyə, beynəlxalq əməkdaşlığa və insan həyatına verilən yüksək dəyərə əsaslanan siyasətinin növbəti təzahürüdür.
Azərbaycan dövləti Birinci Qarbağ və Vətən müharibəsində itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqların aşkarlanması və şəxsiyyətlərin identifikasiyası istiqamətində mühüm işlər həyata keçirərək yüzlərlə ailənin illərlə davam edən həsrətinə son qoymağa çalışır. Bu istiqamətdə əməyi olan bütün dövlət qurumlarının və mütəxəssislərin fədakar fəaliyyəti yüksək qiymətləndirilir.
Eyni zamanda, humanitar məsələlərin siyasi məqsədlərə alət edilməsinə yol verilməməlidir. Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinə uyğun olaraq itkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqlar barədə mövcud məlumatların təqdim edilməsi və bu istiqamətdə səmərəli əməkdaşlığın təmin olunması üçün zəruri addımları atmalıdır. Bu, yalnız beynəlxalq hüququn tələbi deyil, həm də insanlıq qarşısında mənəvi məsuliyyətdir.
İnsan taleyinə xidmət edən hər bir təşəbbüs sülhə, ədalətə və qarşılıqlı etimada xidmət edir.