"Pis rəhbər işçinin karyerasını məhv edə bilər"
Yaxşı rəhbərin işçinin peşəkar inkişafına töhfə verməsi, onun karyera yüksəlişinə dəstək olması tez-tez vurğulanır. Bununla yanaşı, qeyri-peşəkar idarəetmə tərzi və ya rəhbərlə yaşanan problemlərin də işçinin motivasiyasına, performansına və gələcək karyera imkanlarına təsir göstərə biləcəyi bildirilir. Maraqlıdır, pis rəhbər işçinin karyerasını məhv edə bilər?
İnsan resursları üzrə menecer Röyal Əhmədov Valyuta.az-a bildirib ki, son dövrlərdə iş həyatında ən çox rast gəlinən problemlərdən biri də rəhbər və işçi münasibətləridir:
"Təəssüf ki, cavab "bəli"dir. Rəhbər sadəcə tapşırıq verən şəxs deyil. O, komandanın inkişafına istiqamət verən, işçilərin potensialını üzə çıxaran və sağlam iş mühiti formalaşdıran əsas fiqurlardan biridir. Əgər rəhbər bu funksiyanı düzgün yerinə yetirmirsə, bunun ilk mənfi təsirlərini işçinin motivasiyasında, performansında və peşəkar inkişafında görmək mümkündür. Burada vacib məqam odur ki, “pis rəhbər” dedikdə nə nəzərdə tutulur. Tənqid edən və ya intizam tələb edən rəhbər pis rəhbər hesab olunmur. Pis rəhbər dedikdə əməkdaşlara qarşı qeyri-etik davranan, ayrı-seçkilik edən, işçilərin əməyini qiymətləndirməyən, psixoloji təzyiq göstərən, inkişaf imkanlarını məhdudlaşdıran və ya şəxsi münasibətləri peşəkarlıqdan üstün tutan rəhbər nəzərdə tutulur. Belə hallarda işçi özünəinamını itirə, təşəbbüskarlıq qabiliyyəti zəifləyə və hətta peşəkar bacarıqlarını nümayiş etdirməkdən çəkinə bilər. Uzunmüddətli perspektivdə isə bu vəziyyət karyera inkişafının ləngiməsinə, işdən ayrılmalara və peşəkar tükənmişliyə səbəb ola bilər".

"Məsələnin hüquqi tərəfinə gəldikdə isə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərin əmək hüquqlarının qorunmasını təmin edir. İş yerində ayrı-seçkilik, təhqir, qanunsuz təzyiq və ya əmək hüquqlarının pozulması yolverilməz hesab olunur. İşəgötürən işçilər üçün təhlükəsiz və sağlam əmək şəraiti yaratmağa borcludur. Əgər rəhbərin davranışları işçinin hüquqlarının pozulmasına səbəb olursa, həmin işçi qanunvericiliklə müəyyən edilmiş qaydada öz hüquqlarını müdafiə etmək imkanına malikdir. Lakin hesab edirəm ki, ən ideal yanaşma problemlərin məhkəmə və ya mübahisə mərhələsinə çatmadan həll edilməsidir. Peşəkar rəhbər açıq ünsiyyət qurmalı, əməkdaşlarını dinləməli, obyektiv qərarlar qəbul etməli və komandanın inkişafını prioritet hesab etməlidir. Çünki güclü rəhbər təkcə nəticə əldə edən deyil, həm də ətrafındakı insanların inkişafına töhfə verən rəhbərdir. Unutmayaq ki, yaxşı rəhbər işçinin karyerasını sürətləndirə bildiyi kimi, yanlış idarəetmə yanaşması da həmin karyeranın inkişafına ciddi maneələr yarada bilər. Buna görə də müasir iş dünyasında rəhbərlik yalnız vəzifə deyil, eyni zamanda böyük məsuliyyətdir" - deyə ekspert bildirir.
Tənzilə Ağabalayeva