azia.az
azia.az

Mayası 3-4 manat olan dönər necə olur ucuz satılır? - Zəhərə dönən dönər ARAŞDIRMASI

19-12-2021, 10:13


Mayası 3-4 manat olan dönər necə olur ucuz satılır? - Zəhərə dönən dönər ARAŞDIRMASI
Mayası 3-4 manat olan dönər necə olur ucuz satılır? - Zəhərə dönən dönər ARAŞDIRMASI
Azərbaycanın xəbər məkanını bu xəbər zəbt etdi: " Ötən gün Bakıda, "28 May" metrostansiyası yaxınlığında yerləşən "Dönər Market"də zəhərlənmə baş verib".

Həmin ərazidə dönər alan 8 nəfər zəhərlənmə əlamətləri ilə Kliniki Tibbi Mərkəzə müraciət edib. Zəhərlənənlərdən biri qadın, 7-si kişi olub...İki il əvvəl isə paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə yenə Kliniki Tibbi Mərkəzə aparılmışdı...

Bu tip dönərdən zəhərlənmələr təkcə Bakıda baş vermirdi. Məsələn, həmin il Tovuz rayonunda 2 nəfərin dönərdən zəhərlənməsi faktı qeydə alınmışdı. İlin sonuna yaxın isə Sumqayıtda dönərdən kütləvi zəhərlənmə halı olmuşdu. O vaxt 4 gənc qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Dönər - bir "fast-food" yeməyidir. Yəni bütün "fast-food"lar kimi tez hazırlana bilən yemək növü olub, xüsusi yeməkxanalarda - gəlin onu dönərxana adlandıraq - verilir.

Hələ 2012-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə "Dönər-kabab Ümumi texniki şərtlər" dövlət standartı təsdiqlənib. Bu standart ictimai iaşə müəssisələrində ətdən xüsusi avadanlıqlarda xüsusi texnologiya üzrə hazırlanan və bilavasitə istehlakçıya satılan dönər-kabablara şamil edilir.

Standarta əsasən, hazırlandığı ətin növündən və bir-biri ilə qarışdırılma vəziyyətinə görə dönər bir neçə növdə istehsal oluna bilər. Dönər qarnir ilə və ya qarnirsiz satılır və bu standartın tələblərinə uyğun olaraq, ictimai iaşə müəssisələri üçün sanitariya norma və qaydalara riayət etməklə, müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar üzrə hazırlanmalıdır. Standarta əsasən, dönərdə xörək duzunun kütlə payı 2 faizdən çox olmamalıdır. Bir porsiyada ətin kütlə payı reseptura üzrə müəyyənləşməli, qarnir ilə olduqda resepturada qeyd edilmiş çəkinin 50 faizini təşkil etməlidir. Məsələn, ətin kütlə payı 100 qramdan az olmamalıdır.

Standarta əsasən, dönərin hazırlanması üçün istifadə edilən tez xarab olan ərzaq məhsulları qüvvədə olan sanitar norma və qaydalara riayət etməklə soyuducularda saxlanılmalıdır. Dönər istehlakçıya Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilən polimer materiallardan hazırlanan paketlərə və ya qablara qoyularaq satılmalıdır.

Satış zamanı məhsulun temperaturu 65 dərəcədən aşağı olmamalıdır. Dönərin hazırlandığı andan istehlak müddəti ən çoxu 1 saatdır. Standartda dönərin hazırlanması üçün xidmət göstərən personala olan tələblər də qeyd edilib. Personal "QOST 30524"ün tələblərinə cavab verməlidir və qüvvədə olan sanitar norma və qaydalara riayət etməlidir.

Biz bu "QOST" məsələsinə qayıdacağıq. İndilikdə isə məmləkətdə qida təhlükəsizliyinə cavabdeh olan

AQTA-nın İZAHINA:

Bu gün bazarda satılan sümüksüz ətin bir kilosu 15-17 manat civarındadırsa, demək, dönərə vurulan 100 qram ətə ən azı 1 manat 70 manat qəpik vəsait xərclənməlidir. Dönərə vurulan digər inpredientləri, digər məhsulları, dönər çörəyini, habelə enerji israfını, insan əməyini də hesablasaq, onda bir dönər 3 manatdan ucuz satılmamalıdır ki, qazanc əldə edilsin. Toyuq dönərinin isə onun filesindən hazırlandığını nəzərə alsaq, bu məqama da mütləq diqqət edək. Bazarda bir kilo toyuq filesi 8 manatdan ucuz deyil. Qalanını özünüz hesablaya bilərsiniz.

İndilikdə isə sizi bir qədər keçmişə aparacam. İki-üç il əvvəl AQTA Bakının bir çox yerlərində 1 manata satılan dönərin insan orqanizmi üçün təhlükəli olub-olmamasına münasibət bildirmişdi. Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən elə beləcə də bildirmişdi. SİTAT: "Satılan məhsulun qiymətinin aşağı olması heç də həmin məhsulun insan sağlamlığı üçün təhlükəli olduğu mənasına gəlmir. Yalnız aparılmış laborator müayinələrin nəticələri əsasında hər hansı bir məhsulun insan qidası üçün yararlı olub-olmaması haqqında rəy vermək olar".

Maraqlıdır, görəsən AQTA-da ətin kilosunun 15, filenin 8 manat olduğu bir vaxtda hələ də bir manata dönər satıldığından xəbərləri varmı? Ya ora vurulmuş ətin çəkisi dəfələrlə azdır, ya da ora vurulan ət deyil. Məsələ bu qədər sadə.



İndi isə peşəkar rəyinə diqqət yetirək. Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov KİV-ə verdiyi açıqlamaların birində deyir:

"Dönərxanada birinci növbədə dönəri bişirən adamların peşəkar aşpaz olub-olmaması yoxlanılmalıdır. Aşpazlıq diplomları varmı? Həmin dönəri bişirən şəxslər işə müqavilə ilə götürülüblərmi? Həkim müayinəsindən keçiblərmi? Əgər bütün bu sualların cavabı müsbətdirsə, yəqin ki, problem ətdə və ya hazırlanma texnologiyasındadır. Zəhərlənmənin səbəbləri sırasında ətin saxlanılması qaydalarına riayət olumamasını da göstərmək olar. Həmin dönərxananın əti haradan aldığı, ətin necə işləndiyi, hansı etaplardan keçdiyi, ora necə gəlib çıxdığı və oradakı hazırlıq prosesinə diqqət edilməlidir. Bundan sonra zəhərlənmənin konkret səbəbindən danışmaq olar".

Bu açıqlamada "dönərxanının əti haradan aldığı" ifadəsinə fikir verdinizmi? Türkiyədə dönərxanlara ət xüsusi depolardan, paketlənmiş şəkildə gətirilir. Daha doğrusu dönərçinin sifarişiylə. Yəni, dönərçi əlcəksiz əlləri ilə dönər aparatının oxuna qan-tər içində ət vurmur.

Bakıda dönər biznesi ilə məşğul olan əksər sahibkarların ucuz, murdar, hətta ölmüş heyvanların ətlərindən alıb necə gəldi dönər hazırlaması sizcə az adama məlumdur? Ucuz və təhlükəli, murdar, xəstəlikdən ölmüş leş ətlərin bazarlara ayaq açması problemi nəhayət ki, həll edilməlidir. Qida Təhlükəsizliyi Agentliyi ictimaiyyətlə effektiv iş aparmalıdır. Elə iş aparmalıdır ki, ictimaiyyət ona inansın. Çox təəssüflər ki, bu hələ arzu olaraq qalır.

O ki qaldı istinad edilən "QOST 30524 məsələsinə, bu da maraqlı məqamdır. 2013-cü il noyabrın 14-də Dövlətlərarası Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma Şurasının 44 saylı protokoluna isə Ermənistan, Belarus, Moldova, Rusiya və Özbəkistan səs verib. Hə, bizim istinad etdiyimiz o sənədə. Bunu isə elə belə yazdım... \\Lent.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi