Bolt nümayəndəsi sürücülərin platformaya qoşulması, qazanc modeli və yeni imkanlardan danışdı
Bolt nümayəndəsi sürücülərin platformaya qoşulması, qazanc modeli və yeni imkanlardan danışdı
APA TV-də yayımlanan “İmpuls” verilişində çıxış edən Bolt Azərbaycan əməliyyatlar meneceri Fərid Əbdülzadə, Bakıda taksi sektorunda son illərdə baş verən dəyişikliklər, texnologiyanın yaratdığı imkanlar və Bolt-un sürücülər üçün təqdim etdiyi şəffaf qazanc modeli barədə danışıb.
Əbdülzadənin sözlərinə görə, texnologiyanın inkişafı ilə taksi xidməti daha rahat və təhlükəsiz mərhələyə keçib. “İndi bir kliklə sifariş qəbul etmək, gəliri real vaxtda izləmək və təhlükəsiz şəkildə xidmət göstərmək mümkündür,” – deyə o bildirib.
O vurğulayıb ki, Bolt sadəcə taksi xidməti deyil, innovativ texnoloji platformadır. Sürücülər və ya avtoparklar qanunvericiliyə uyğun sənədləri təqdim etdikdən sonra tətbiqdə qeydiyyatdan keçərək müstəqil tərəfdaş kimi fəaliyyət göstərə bilirlər.
Fərid Əbdülzadə qeyd edib ki, Bolt-da orta komissiya dərəcəsi təxminən 20% təşkil edir, lakin bu göstərici tətbiq olunan bonuslar və endirimlərdən asılı olaraq dəyişə bilər. Şirkət toplanan komissiyanın bir hissəsini kampaniyalar və mükafat proqramları vasitəsilə sürücülərə geri qaytarır.
Əbdülzadə əlavə edib ki, “erkən ödəniş” (early cash-out) funksiyası sayəsində sürücülər qazandıqları vəsaiti istədikləri vaxt kartlarına köçürə bilirlər. Bu yenilik kartla ödənişlərdə yaranan gecikmələrin və ya imtinaların qarşısını alır, sürücülərin maliyyə rahatlığını artırır.
Bolt, həmçinin Bolt Accelerator proqramı və digər motivasiya kampaniyaları vasitəsilə sürücülərə əlavə qazanc imkanı yaradır, onların fəaliyyətini təşviq edir və sektorda dayanıqlı inkişafı dəstəkləyir.
Menecer sonda bildirib ki, bu model həm minlərlə sürücü üçün sabit gəlir imkanı yaradır, həm də yüzlərlə kiçik və orta sahibkarın bu sahəyə investisiya etməsinə şərait yaradır.