azia.az
azia.az

ATF MMC regionlarda milyonluq tenderlər qazanır – Əvəz Qocayev–Sahil Babayev tandemi / Qocayevin biznes-imperiyası iddiaları

Bu gün, 09:01

Tenderlər “kralı” kimi bilinən, dövlət qurumlarının – xüsusilə Saleh Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “sevimli” şirkəti kimi mediada təqdim olunan ATF MMC tender bazarında “at oynatmağa” davam edir, son aylarda isə şirkət müxtəlif bölgələr üzrə milyonlarla manatlıq yol və abadlıq layihələrinin qalibi kimi ardıcıl şəkildə gündəmə gəlir. Bu dinamika açıq satınalma məlumatlarında da özünü göstərir və ATF MMC-nin dövlət sifarişlərindəki fəallığına dair mediada yayılan müzakirələri daha da artırır.

ATF MMC-nin Regional "Qələbələri" və Milyonluq Müqavilələr

32gun.az-ın məlumatına görə,  ötən ay ərzində şirkətin bağladığı müqavilələrin ümumi məbləği 2 milyon manatı ötüb. Regionlarda icra hakimiyyətləri tərəfindən elan edilən iri həcmli yol təmiri tenderlərində qalib gələn ATF MMC-nin son aylar üzrə diqqət çəkən layihələri (bağlanan və gözlənilən müqavilələr) aşağıdakılardır:

Belə ki, Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə “Mingəçevir şəhərində yolların və səkilərin əsaslı təmiri işlərinin satın alınması” üzrə 2.075.946,07 AZN məbləğində;
Balakən Rayon İcra Hakimiyyəti ilə isə “Balakən şəhər küçələrinin əsaslı təmiri” üzrə 344.592,1 AZN dəyərində müqavilə imzalanıb.

Bundan əlavə, şirkətin qalib olduğu və yaxın günlərdə bağlanacağı gözlənilən tenderlərin ümumi dəyəri 3 milyon manata yaxındır. Bu satınalmalar aşağıdakılardır:

Oğuz Rayon İcra Hakimiyyəti – “Oğuz şəhərində küçələrin əsaslı təmiri”, 586.788,16 AZN (15.10.2025, 18:04)

Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi – “Mingəçevir şəhərində yolların və səkilərin əsaslı təmiri işlərinin satın alınması”, 2.075.946,07 AZN (07.10.2025, 18:55)

Balakən Rayon İcra Hakimiyyəti – “Balakən şəhər küçələrinin əsaslı təmiri”, 344.592,1 AZN (06.10.2025, 19:19) 

Göründüyü kimi, şirkət regionlarda yol və səki təmirində ümumilikdə 3 milyon manata yaxın həcmdə sifarişlər portfelini formalaşdırıb. Media məlumatlarına görə, nizamnamə kapitalı cəmi 20 AZN olan və Muradov qardaşlarına (Azad, Təbriz, Fəxrəddin) aid olduğu deyilən bu şirkətin belə böyük layihələri icra etmək üçün kifayət qədər maddi-texniki bazasının olub-olmaması da şübhə doğurur. Hətta qeyd olunur ki, şirkətin yolu tender bazarına məhz Saleh Məmmədov və onun müavini Əvəz Qocayev tərəfindən açılıb.

AAYDA Rəhbərliyindəki Soyuq Müharibə və Əvəz Qocayev Faktoru

Mətbuatda yayılan məlumatlara görə, ATF MMC-nin tender bazarındakı bu fəallığı AAYDA sədri Saleh Məmmədov və onun müavini Əvəz Qocayev arasında gedən "soyuq müharibə"nin fonunda baş verir.

Mətbuatın İddialarına Əsasən Əvəz Qocayevlə Bağlı Əsas Məlumatlar:

Çoxmilyonluq Var-Dövlət İddiaları: Mediada yayılan məlumatlara görə, Azərbaycan Avtomobil Yolları Agentliyinin sədr müavini Əvəz Qocayevin və ailəsinin geniş mülkiyyət və biznes portfeli olduğu bildirilir. İddialara görə, onun adına Binəqədi, Digah yol kəsişməsində “Ocaq” ailəvi restoranı və Yasamal, Xətai, Səbail rayonlarında fəaliyyət göstərən “Ocaq” restoran–kafe–art şəbəkəsi daxildir. Tovuz rayonunun Əyyublu kəndində böyük ferma və artezian quyuları, həmçinin torpaq sahələri olduğu qeyd edilir.

Port Bakuda 130 kvadrat metrlik mənzil, əlavə olaraq Port Bakuda 150 kvadrat metrlik başqa mənzil, “Star-M” MTK-da iki mənzil (ümumi sahəsi 320 kv.m) və “Real” MTK-da 185 kvadrat metrlik mənzil onun mülkləri arasındadır. Köhnə “Varovski”də 3 mərtəbəli villa, Novxanıda üç villa və Şüvəlanda villa olduğu da bildirilir. Binəqədi rayonunda əlavə torpaq sahələri, Moskvada və İstanbulun Levent bölgəsində mənzilləri mövcuddur.

Qızı Xatirə Qocayeva tərəfindən idarə edilən “NN” gözəllik salonları şəbəkəsi və qızının adına 2 milyon manat depozit, həyat yoldaşı Tamella Qocayevanın və digər şəxslərin adına isə 10 milyon manat depozit olduğu, illik təxminən 200 min manat faiz gəliri əldə etdiyi vurğulanır. 

Mediada həmçinin iddia olunur ki, Qocayevin ailəsi Range Rover, Audi Q7, Mercedes S-Class, Porsche və BMW markalı bahalı avtomobillərə sahibdir. Onun Tovuz və Əyyubluda tikinti materialları mağazaları, Dərnəgüldə başqa bir mağazası, bacısı Afət Qocayeva isə Əyyublu kənd orta məktəbinin direktoru olaraq fəaliyyət göstərir. Bundan əlavə, Qocayevin tender şirkəti və “Polat Qapı Yol” MMC ilə şəriklikləri olduğu bildirilir.

Qeyd olunur ki, bu var-dövlət məmur maaşı ilə qazanılan sərvət ola bilməz.

Korrupsiya İddiaları: Əvəz Qocayevin "Azəravtoyol"un "qara kassası" kimi təqdim edilməsi və ona yaxın tender şirkəti ilə şəriklik iddiaları mətbuatda dəfələrlə yer alıb. Ən diqqətçəkən iddia isə ASC işçilərinin maaşının 15%-nin qeyri-qanuni şəkildə tutularaq ona çatmasıdır.

Saleh Məmmədovla Gərginlik: Media Əvəz Qocayevin fəaliyyətinin Saleh Məmmədov tərəfindən dəyərləndirilməməsi, hətta sədrin onu özündən uzaqlaşdırmağa çalışması barədə məlumatlar yayır. Həmçinin, mətbuatda Ə. Qocayevin sabiq nazir Ziya Məmmədov və DYP rəisi Ramiz Zeynalovla birlikdə S. Məmmədovu vəzifədən devirmək üçün "böyük plan" qurduğu barədə iddialar da yer almışdı.

ATF MMC-dəki Dəyişikliklər və Yeni İddialar

Son məlumatlara görə, "tender kralı" ATF MMC-də rəhbərlik dəyişib: Təbriz Muradov qanuni təmsilçilikdən çıxarılıb, yerinə qardaşı Azad Muradov təyin edilib. Həmçinin, şirkətin təsisçilərindən olan Fəxrəddin Muradovun 2021-ci ildə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək həbs olunduğu xatırladılır. Bütün bunlara baxmayaraq, AAYDA-nın şirkətlə "işləməyə" davam etməsi və Göyçayda 17 saylı Yol İstismar İdarəsinin rəisinın dəyişdirilərək yerinə ATF MMC-nin təsisçisinin oğlunun - Tehran Muradlaı Təbriz oğlunun təyin edilməsi və dövlət texnikasının şirkətin işlərinə cəlb edilməsi barədə korrupsiya iddiaları da səsləndirilib.


Qeyd: Məqalədə istinad edilən bütün məlumatlar yerli media orqanlarında yayımlanmış iddialardır. Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Ayaz Musaköylü 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi